REGİONLAR
Tərtərdə məktəblilər narkomaniya əleyhinə maarifləndiriliblər
Tərtər, 26 noyabr, AZƏRTAC
Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə rayonun Cəmilli kənd tam orta məktəbində narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə məktəbdəki Şəhidlər abidəsinin önünə gül çiçək-dəstələri düzülüb, Vətən uğrunda canından keçmiş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin iclas zalında davam etdirilən maarifləndirmə tədbirində Tərtər RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov və digər çıxışçılar narkotik asılılığının törətdiyi fəsadlarla bağlı geniş məlumat verib, insan həyatına və sağlamlığına vurduğu zərərlərdən ətraflı söhbət açıblar. Eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı aparılan genişmiqyaslı əməliyyat tədbirləri iştirakçıların diqqətinə çatdırılıb.
Sonda narkotiklərin törətdiyi fəsadlardan bəhs edən videoçarx göstərilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.