REGİONLAR
Tərtərdə şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına medallar təqdim olunub
Tərtər, 14 oktyabr, AZƏRTAC
Tərtər Rayon Dövlət Rəmzləri Muzeyində Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş hərbi qulluqçuların ailələrinə və Vətən müharibəsi iştirakçılarına orden və medallar təqdim edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəhbərlərinin, şəhidlərin ailə üzvlərinin, qazilərin, Qarabağ müharibəsi veteranlarının və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən danışıb, Vətənə layiqli oğullar yetirdiklərinə görə şəhid ailələrinə, qazilərimizə minnətdarlıqlarını ifadə ediblər. Şəhidlərimizin döyüş yoluna nəzər salınaraq, onların əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduqları bildirilib. Qeyd edilib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.
Sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə təltif olunmuş 11 tərtərli şəhidin medalları ailə üzvlərinə, 18 nəfər müharibə iştirakçısının medalları isə özlərinə təqdim olunub. Şəhid ailələri və Vətən müharibəsi iştirakçıları göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.