REGİONLAR
Tərtərdə yem emalı müəssisəsi istifadəyə verilib
Tərtər, 16 mart, AZƏRTAC
Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən "Sosial-iqtisadi inkişaf fəaliyyəti" (SEDA) layihəsi çərçivəsində yem emalı müəssisəsi istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID), yerli özünüidarəetmə orqanlarının nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbirdə çıxış edərək, ölkəmizdə kənd təsərrüfatının inkişafına göstərilən diqqət və qayğıdan, bu istiqamətdə həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb. Yem emalı müəssisəsinin istifadəyə verilməsinin Azad Qaraqoyunlu kəndi ilə yanaşı, ətraf kəndlərin sakinlərinin də heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyətinin genişlənməsinə və yemə olan tələbatın ödənilməsinə şərait yaradacağını bildirib.
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Elçin İbrahimov ölkədə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların inkişafı istiqamətində həyata keçirilən tədbirlər və əldə olunan nəticələr barədə məlumat verib. Qeyd olunub ki, regionlarda icma əsaslı biznesyönümlü layihələrin icrası, o cümlədən Tərtər rayonunda yem emalı müəssisəsinin istifadəyə verilməsi bölgədə aqrar sektorun inkişafı və məşğulluğun artırılmasında əhəmiyyətlidir.
Diqqətə çatdırılıb ki, Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin birgə maliyyələşdirdiyi layihə çərçivəsində tikilən müəssisədə yem emalı üçün istehsal sahəsi və anbar inşa olunub, toxum təmizləyən, yem üyüdən və ot doğrayan avadanlıqlar quraşdırılıb, yeni iş yerləri açılıb.
Digər çıxış edənlər yem emalı müəssisəsinin istifadəyə verilməsinin kənd sakinlərinin heyvandarlıq və əkinçilik fəaliyyətinə, qidalı yem çatışmazlığının aradan qaldırılmasına müsbət təsir göstərəcəyini bildiriblər.