REGİONLAR
Tərtərli müəllimlər Beynəlxalq Müəllimlər Gününü qeyd ediblər
Tərtər, 5 oktyabr, AZƏRTAC
Tərtər rayonunun müəllimlərindən 6 nəfər “Əməkdar müəllim” adına, 7 nəfər “Tərəqqi” medalına, 4 nəfər “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb. Azərbaycan Prezidentinin 2018-ci il 4 oktyabr tarixli Sərəncamı ilə Tahirə Quliyevaya “Əməkdar müəllim” fəxri adı verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Tərtər rayon Mədəniyyət Mərkəzində Beynəlxalq Müəllimlər Günü münasibətilə keçirilən tədbirdə məlumat verilib. Rayonun təhsil işçiləri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Təhsil Şöbəsinin müdiri Surxay Mirzəyev çıxış edərək, müəllimləri əlamətdar gün münasibəti ilə təbrik edib, təhsilə göstərilən diqqət və qayğıdan, rayon müəllimlərinin qazandığı uğurlardan danışıblar.
Bildirilib ki, son 10 ildə rayonda 20 məktəb binası tikilib və yenidən qurulub. Tərtər şəhər 6 nömrəli tam orta və Qazyan kənd ümumi orta məktəbləri əsaslı təmir olunub, Bayandur kənd ibtidai, Şıxarx 1 nömrəli tam orta və Poladlı kənd ümumi orta məktəbləri üçün modul tipli məktəblər quraşdırılıb. Hazırda Zolgəran kənd ümumi orta və Kovdadıq kənd ibtidai məktəbləri üçün modul tipli məktəblərin quraşdırılması üçün hazırlıq işləri aparılır.
Təhsilin inkişafının nəticəsidir ki, rayon üzrə ali məktəblərə qəbulun göstəricisi ildən-ilə yüksəlir. Builki məzunlardan 224 nəfəri ali, 100 nəfəri orta ixtisas məktəblərinə, 1 nəfər Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub. İmtahanlarda 10 nəfər 600-dən, 19 nəfər 500-dən çox bal toplayıb.
Mərasimdə bir qrup qabaqcıl təhsil işçisinə fəxri fərman və hədiyyələr təqdim olunub. Tədbir konsert proqramı ilə davam edib.