REGİONLAR
Tərtərlilər Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəlməsini böyük sevinclə qeyd ediblər
Tərtər, 8 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Respublikasının əhalisinin sayının 10 milyon nəfərə çatması ölkəmizin hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunun sakinləri tərəfindən də böyük sevinclə qarşılanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əlamətdar hadisə münasibətilə Tərtər şəhərindəki Heydər Əliyev adına parkda geniş bayram konserti təşkil olunub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbirdə çıxış edərək Azərbaycanın 10 milyonuncu vətəndaşının doğulması münasibətilə onun valideynlərini və xalqımızı təbrik edib. Bildirib ki, dünyanın bir çox ölkələrində əhalinin sayında azalma müşahidə olunur. Lakin Azərbaycanda əhalinin sayı dinamik şəkildə artır. Sürətli inkişaf, sosial rifahın daha da yaxşılaşması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanda əhalinin artım tempinin qorunub saxlanılmasına imkan yaradır.
Sonra 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə respublikanın tanınmış incəsənət ustalarının və rayon mədəniyyət mərkəzinin özfəaliyyət kollektivinin konserti olub. Rayon sakinləri rəngarəng musiqi nömrələrini böyük maraqla dinləyiblər. Konsert proqramı atəşfəşanlıqla başa çatıb.