ELM VƏ TƏHSİL
Test tapşırıqlarının elmi-metodiki baxımdan müzakirəsi aparılıb
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Dövlət İmtahan Mərkəzində (DİM) fizika fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, seminar iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra 2018-ci il iyulun 18-də ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan müzakirəsi aparılıb. Seminarda iştirak edən Bakı və Sumqayıt şəhərlərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər gündəlik məsələ ilə bağlı fikirlərini bildiriblər.
Müzakirələr zamanı 11 (A variantı, 115-125 saylı, B variantı, 102, 105, 106, 108, 110, 113, 117, 120-122, 124 saylı) test tapşırığının hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, mürəkkəblik dərəcəsi və nominasiyasına görə təhlil edilib.
Növbəti seminar dekabrın 19-da Abdulvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) ünvanında keçiriləcək. Seminarda abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqların şərhinə dair tövsiyələrin müzakirəsi aparılacaq.