İQTİSADİYYAT
Texniki Universitetin tələbələri “Azəralüminium” MMC-də istehsalat təcrübəsi keçirlər
Bakı, 12 iyul, AZƏRTAC
“Azərbaycan Sənaye Korporasiyası” ASC və Azərbaycan Texniki Universiteti arasında imzalanan əməkdaşlığa dair müqavilənin icrasının nəticəsi olaraq, ölkəmizdə metallurgiya sahəsinin inkişaf etdirilməsi və müvafiq kadr bazasının yaradılması məqsədilə bu universitetin bir qrup tələbəsi “Azəralüminium” MMC-də istehsalat təcrübəsi keçməyə başlayıb. Müəssisə ölkənin əlvan metallurgiya sənayesinin aparıcı sahəsi sayılan boksit və alunit filizindən alüminium məhsullarının istehsalı üzrə aparıcı şirkətdir və Gəncə şəhərində yerləşir.
ASC-dən AZƏRTAC-a bildirilib ki, “Azəralüminium” MMC-nin Gil-Torpaq İstehsalat Sahəsi ilə tanış olan tələbələr ilkin olaraq SƏTƏM qrupunda texniki təhlükəsizlik haqqında filimə baxıb, müvafiq təlimat alıblar. Tələbələr Gil-Torpaq İstehsalat Sahəsində gedən texnoloji proseslər haqqında məlumatlandırılıblar. İstehsalat təcrübəsi iyulun sonunadək davam edəcək və təcrübə ərzində tələbələr “Azəralüminium” MMC-nin digər istehsalat sahələri ilə də yaxından tanış olacaqlar.
“Azərbaycan Sənaye Korporasiyası” ASC və Azərbaycan Texniki Universiteti arasındakı müqavilə əlaqələrin inkişaf etdirilməsi, müasir dövrün tələblərinə uyğun ixtisaslar üzrə kadr hazırlığı və onların səviyyəsinin yüksəldilməsi, tələbələrin törəmə müəssisələrdə istehsalat təcrübəsi keçməsi, birgə tədbirlərin təşkili, innovasiya və startapların tətbiqinə xidmət edir.