CƏMİYYƏT
Texnologiya və innovasiyalar işçi qrupunun növbəti görüşü olub
Bakı, 23 may, AZƏRTAC
Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və innovasiyalar işçi qrupunun növbəti görüşü keçirilib.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, eyni zamanda, İqtisadiyyat, Təhsil, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, Dövlət Vergi Xidmətinin, Mərkəzi Bankın, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri və ekspertlər iştirak ediblər.
Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov tərəfindən cari il aprelin 28-də təsdiq olunmuş “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” işçi qrupunun Fəaliyyət Planı” çərçivəsində icrası nəzərdə tutulan tədbirlərin müzakirəsi həyata keçirilib.
Qlobal İnnovasiyalar İndeksinin 5.3.2-ci (yüksək texnologiya məhsullarının idxalı), 6.3.2-ci (yüksək texnologiya məhsullarının ixracı), 5.3.1-ci (Əqli mülkiyyətdən istifadəyə görə ödənişlər, ümumi ticarətin faizi) və 6.3.1-ci (Əqli mülkiyyətdən daxilolmalar, ümumi ticarətin faizi) subindeksləri ilə bağlı məlumatların müvafiq beynəlxalq təşkilatlara çatdırılması istiqamətində görüləcək işlər də müzakirə edilib. Müzakirələr nəticəsində beynəlxalq təşkilatlarla əlaqələrin qurulması və mövcud məlumatların tam şəkildə ötürülməsinə dair qərar qəbul olunub.
İclasın sonunda yerli şirkət tərəfindən hazırlanan vahid onlayn görüş platformasının test olunması və növbəti görüşün həmin platforma üzərindən təşkil olunmasına dair Qərar verilib.
“Texnologiya və innovasiyalar” işçi qrupuna rəhbərlik Dövlət Agentliyi tərəfindən həyata keçirilir.