CƏMİYYƏT
Teymur Musayev: Səhiyyə Nazirliyinin nəzdində vahid “Çağrı Mərkəzi” yaradılacaq VİDEO
Bakı, 10 fevral, AZƏRTAC
Səhiyyənin keyfiyyətcə yeni müstəviyə qaldırılması üçün qısa və ortamüddətli addımlar atılması nəzərdə tutulub. Qısamüddətli addımların hədəfləri effektiv səhiyyə idarəetməsinin formalaşdırılması, dövlət qurumları ilə əməkdaşlığın daha aktiv fazaya keçirilməsidir. Ortamüddətli addımlar isə səhiyyədə insan kapitalının gücləndirilməsi, səhiyyə qanunvericiliyinin təkmilləşdirilməsi, ölkənin yerli dərman vasitələri və tibbi avadanlıqlarla təchizatı, səhiyyənin maliyyələşdirilməsinin optimallaşdırılmasını hədəfləyir.
AZƏRTAC xəbər verir ki, bunu bu gün Səhiyyə Nazirliyində keçirilən brifinqdə səhiyyə naziri Teymur Musayev deyib.
Nazir bildirib ki, müasir çağırışlara cavab verən infrastruktur bazanın mövcudluğu effektiv səhiyyə idarəetməsinə mühüm dəstəkdir: “Vətəndaşlara səhiyyə xidmətinin əlçatanlığının təmin edilməsi prioritet istiqamətlərdən hesab olunduğundan qısa müddətdə səhiyyədə vahid “Çağrı Mərkəzi”nin yaradılmasını zəruri hesab edirik. Həmin mərkəz hər bir vətəndaşın səhiyyə ilə bağlı istənilən müraciətini cavablandıracaq. Eyni zamanda, Səhiyyə Nazirliyinin yenicə istifadəyə verilmiş internet səhifəsi vasitəsilə də istifadəçilər nazirliyə müraciət edə bilərlər. Həmin platforma üzərindən də edilmiş müraciətlər operativ qaydada araşdırılaraq cavablandırılacaq. Ənənəvi qaydada kağız daşıyıcıda müraciətlər də davam etdiriləcək”.