SİYASƏT
“The Guardian” Azərbaycan səfirinin Avropa Şurasının baş katibinə cavab məktubunu dərc edib
“The Guardian” qəzeti Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Tahir Tağızadənin həmin qəzetdə Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın bir neçə gün əvvəl nəşr olunmuş yazısındakı qeyri-obyektiv məqamlarla bağlı cavab məqaləsini dərc edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfir məqaləsində Azərbaycanda son 23 ildə insan hüquqları və demokratikləşmə sahəsində mühüm irəliləyişlərin əldə edildiyini, milli qanunvericiliyin məhz Avropa Şurası və Venesiya Komissiyasının tövsiyələri nəzərə alınmaqla beynəlxalq standartlara uyğunlaşdırıldığını vurğulayıb. Diplomat Azərbaycanda həbslərin siyasi motivlərlə əlaqələndirilməsi cəhdlərinə cavab olaraq qeyd edib ki, məhkəmə prosesinin yekunlaşmasına imkan verilməlidir və hüquq mühafizə orqanlarının işinə hər hansı kənar müdaxilə yolverilməzdir. T.Tağızadə vurğulayıb ki, qanunun aliliyinin bərqərar edildiyi bütün cəmiyyətlərdəki kimi, Azərbaycanda da qanunu pozan şəxslərin peşəkar fəaliyyətlərinin arxasına sığınmaları qəbul olunmur. Səfir əlavə edib ki, qanun yalnız universal şəkildə tətbiq olunduğu zaman qanun hesab olunur, əks təqdirdə o yalnız repressiya vasitəsinə çevrilir.
Müəllif bildirib ki, Azərbaycan tərəfi baş katib T.Yaqlandın insan hüquqları məsələləri üzrə birgə işçi qrupunun fəaliyyətinin bərpa edilməsi ilə bağlı müraciətini qəbul edib və bunun özü hökumətdə bu məsələlərin sağlam və konstruktiv həlli istiqamətində siyasi iradənin olduğunu əks etdirir. Diplomat bu işçi qrupun fəaliyyətinin davam etdirilməsinə imkan verilməsinin zəruri olduğunu qeyd edib, Azərbaycan hökumətinin ölkənin vətəndaş cəmiyyəti ilə birgə işləyərək bu məsələləri həll etmək əzmində olduğunu diqqətə çatdırıb. T. Tağızadə bütün bu addımların kənar müdaxilə və yaxud hansısa xarici təşkilatı məmnun etmək istəyindən deyil, Azərbaycan hakimiyyətinin bu ideallara sadiqliyindən irəli gəldiyini vurğulayıb.