Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“The Jerusalem Post”: “Dünya birliyi Ermənistan prezidentinin nazı ilə oynamamalıdır”

“The Jerusalem Post”: “Dünya birliyi Ermənistan prezidentinin nazı ilə oynamamalıdır”

Bakı, 26 sentyabr, AZƏRTAC

Xəbər verildiyi kimi, bu günlərdə BMT-nin Baş Məclisinin növbəti iclası keçirilib. Həmin iclasda bütün bəşəriyyəti narahat edən qlobal məsələlər qaldırılıb.

AZƏRTAC xəbər verir ki, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut İsrailin ən nüfuzlu ingilisdilli nəşri olan “The Jerusalem Post” qəzetinin 25 sentyabr tarixli nömrəsində dərc edilmiş məqaləsində bu haqda yazıb.

Qutun fikrincə, İsrailin Baş naziri Binyamin Netanyahu BMT Baş Məclisində parlaq çıxış edib. İsrail hökumətinin başçısı deyib: “Biz böyük bir inqilab dövründə yaşayırıq – İsrailin dünya xalqları arasında tutduğu mövqeyində inqilab dövründə. Bu onunla bağlıdır ki, dünyanın bir sıra ölkələri nəhayət, sanki yuxudan oyanıb və İsrailin onlar üçün nələr edə biləcəyini görüblər. Uorren Baffet kimi dahiyanə investorların, “Google” və “İntel” kimi iri şirkətlərin çoxdan anladıqlarını həmin ölkələr bu gün başa düşürlər. Onlar anlayırlar ki, İsrail kənd təsərrüfatı, su ehtiyatları, kibernetik sənaye, avtonom nəqliyyat vasitələri və bir sıra başqa sahələrdə innovasiyalar ölkəsi, qabaqcıl texnologiyalar ölkəsidir. Bu dövlətlər İsrailin terrorizmə qarşı mübarizədə müstəsna imkanlara malik olmasını da etiraf edirlər. Son illərdə İsrailin təqdim etdiyi kəşfiyyat məlumatları bütün dünyada onlarca iri terror aktının qarşısını almağa, saysız-hesabsız insanların həyatını xilas etməyə imkan verib. Keçən il mən bu tribunadan çıxış edərkən İsrailin dünyada vəziyyətində dərin dəyişikliklər barədə danışırdım. O vaxtdan bəri nələr baş verdiyini özünüz görürsünüz. Yüzlərlə prezident, baş nazir, xarici işlər naziri və digər liderlər İsrailə səfər edib, onların çoxu bu ölkədə ilk dəfə olublar. Keçən il dünya liderlərinin çoxu İsraildə olub, mən isə öz ölkəmi altı qitədə təmsil etmək şərəfinə nail olmuşam. Bir il və altı qitə. Mən Afrikada səfərdə olarkən israilli alimlərin orada kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını necə artırdıqlarını, havanı suya çevirdiklərini və QİÇS virusuna qarşı necə mübarizə apardıqlarını görmüşəm. Mən Asiyada oldum. Biz bu qitədə Çin və Sinqapurla əlaqələrimizi dərinləşdirmişik, Azərbaycanda və Qazaxıstanda müsəlman dostlarımızla əməkdaşlığı genişləndirmişik”.

Baş nazirin dediyi kimi, İsrail müsəlman dostları ilə əməkdaşlığı genişləndirir. Arye Qutun fikrincə, belə olduğu təqdirdə İsrailin beynəlxalq arenada həmin dövlətləri, xüsusən onların beynəlxalq birlik tərəfindən də etiraf edilən haqq işini dəstəkləməsi onun da xeyrinə olacaq.

Məqalə müəllifi vurğulayıb: “Dövlət və hökumət başçılarının çıxışları arasında auditoriyanın diqqətini daha çox cəlb edən çıxışlardan biri də Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı oldu. Azərbaycan Prezidenti çox sərrast şəkildə dünya birliyinə xatırlatdı ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də tənzimlənməyib. İlham Əliyevin strateji baxımdan dəqiq və lakonik nitqi Ermənistan ictimaiyyətində prezident Sarkisyana qarşı qəzəb oyadıb. Onu informasiya müharibəsində məğlub olmaqda ittiham edirlər. Erməni KİV-lərini hiddətləndirən budur ki, İlham Əliyevin çıxışından bir neçə gün keçməsinə baxmayaraq, prezident Sarkisyan onun ittihamlarına cavab verə bilmir. Dinməmək razılıq əlamətidir. Belə çıxır ki, Sarkisyan təslim olub, deyilənlərin hamısını qəbul edib, yəni Prezident Əliyev haqlıdır. Əslində bu həqiqət bütün dünyaya çoxdan məlumdur. Hamı bilir ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal edib, 1992-ci ilin fevralında isə indiki prezident Sarkisyanın, keçmiş müdafiə naziri Sergey Ohanyanın və sabiq prezident Robert Koçaryanın iştirakı ilə Xocalıda azərbaycanlılara qarşı dəhşətli soyqırımı aktı həyata keçiriblər. Serj Sarkisyan “iş başında” tutularaq axır ki, ifşa edilmiş və özünə haqq qazandırmaq üçün söz tapa bilməyən cinayətkara oxşayırdı. Əlbəttə, ədalət gec ya tez zəfər çalmalıdır. BMT-nin yüksək tribunasından, bütün dövlətlərin nümayəndələrinin gözləri qarşısında bu faciənin qiymətləndirilməsində dönüş baş verdi”.

Arye Qut yazır ki, Azərbaycan Prezidentinin öz nitqində bəyan etdiyi kimi, Ermənistanın indiyə qədər BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməməyi özünə rəva görə bilməsinin səbəbləri beynəlxalq birlik tərəfindən tətbiq edilən ikili standartlarla bağlıdır. Azərbaycan dövlətinin başçısının qeyd etdiyi kimi, artıq 25 ildən çoxdur ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini – Dağlıq Qarabağ və Odlar Diyarının digər yeddi rayonunu işğal altında saxlayır. Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Azərbaycan Prezidenti bir daha xatırladıb ki, Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib. 1992-ci il fevralın 26-da Ermənistan Xocalının 613 dinc sakinini, o cümlədən 106 qadını və 63 uşağı qətlə yetirməklə hərbi cinayət törədib.

Arye Qutun fikrincə, bu gün artıq tarixi faktdır ki, erməni silahlı qüvvələri və muzdlu dəstələr faktiki olaraq Xocalı şəhərini və onun ətrafını tərk etməyə macal tapmamış sakinlərin heç birinə rəhm etməyiblər. İsrailli ekspert vurğulayır: “Erməni silahlı dəstələrinin vəhşiliyi nəticəsində azərbaycanlı qadınlar, uşaqlar və qocalar əsir düşərək misli görünməmiş əzab-əziyyətə, təhqirlərə və alçaldılmağa məruz qalıblar. Xocalı şəhərinin mülki əhalisinin qəsdən kütləvi şəkildə qırılmasının yalnız bir “səbəbi” vardı – onlar hamısı azərbaycanlı idi. Mən soruşuram: indiki erməni faşistləri XX əsrin 40-cı illərində mənim xalqımın altı milyon nümayəndəsini məhv etmiş alman faşistlərindən nə ilə fərqlənirlər? Cavab aşkardır – heç nə ilə. 1992-ci ildə erməni terrorçular Xocalıda bu gün İŞİD silahlıları tərəfindən əsirlərə qarşı rəftarı qədər dəhşətli, bəzən daha pis rəftar edirdilər. Mən özüm şəxsən, İsrail KİV nümayəndələri ilə birlikdə, erməni bandit dəstələrinin əlinə əsir düşmüş Xocalı sakinləri ilə görüşmüşəm. İnanın, bu sakinlər ermənilərin onların başına gətirdikləri haqqında elə dəhşətli hadisələr danışırdılar ki, yazmağa da utanıram. Onlar erməni terrorçuların törətdiyi vəhşiliklər barədə danışmaqla bərabər, bu işgəncələrin (buna işgəncədən başqa bir ad vermək mümkün deyil) izlərini də göstərirdilər. Sonra mən ayrı-ayrı insanlarla təkbətək görüşüb söhbət etdim. Bu zaman onlar çox adamın yanında və KİV nümayəndələrinin qarşısında danışmağa utandıqları hadisələr barədə danışdılar”.

Arye Qut “The Jerusalem Post” qəzetində dərc edilmiş məqaləsində məşhur erməni publisisti, faşist Zori Balayanın etiraflarını xatırladır. Balayan özünün 1996-cı ildə dərc olunmuş “Ruhumuzun dirçəlməsi” adlı əsərində Xocalı soyqırımına bəraət qazandırmağa çalışırdı. İsrailli ekspert yazır: “Terrorçu Balayan öz kitabında ermənilər tərəfindən Xocalıda dinc azərbaycanlılara qarşı törədilmiş soyqırımı, təhqir və alçaldılma faktlarını fəxrlə sadalayır. Bu qatı şovinist cani utanmadan deyir ki, ermənilərin Xocalıda etdiyi hərəkətlərə görə hər bir erməni fəxr etməlidir. Bu faktlar onu göstərir ki, Xocalı sakinlərinin dinc əhalisinin qəsdən məhv edilməsinin məqsədi bu insanları yalnız azərbaycanlı olduqlarına görə kütləvi şəkildə qırmaq idi. Xocalıda əmrlər verən bu adamlar beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər”.

Qutun sözlərinə görə, müasir dünya birliyi faşizmin və antisemitizmin, qatı şovinizmin dirçəldilməsi hallarına göz yummamalı və onun yeni təzahür formalarına qarşı müqavimət göstərməyə hazır olmalıdır. “The Jerusalem Post” qəzetində dərc edilmiş məqalənin müəllifi vurğulayır: “Bu, təkcə yəhudi xalqı qarşısında deyil, həm də belə bir tale ilə üzləşmiş və ya üzləşə biləcək bütün başqa xalqlar qarşısında bizim borcumuzdur. Ən dəhşətlisi və əxlaqa zidd olan odur ki, İran kimi bəzi ölkələrdə Avropa yəhudilərinin Fəlakəti olan Holokost mövzusunda karikatura müsabiqələri keçirilir. Təəssüf ki, belə ölkələrin hər birinin öz siyasi maraqlarından, başqalarına nifrətdən doğan əxlaq prinsipləri var. Müstəqil və dünyəvi Azərbaycanda isə sübut edirlər ki, Avropa yəhudilərinin fəlakətinin ağrı və əziyyətləri təkcə yəhudi xalqının yox, həm də qardaş Azərbaycan xalqının ağrısı-acısıdır. Buna görə də XX əsrin sonu - XXI əsrin əvvəlində minlərlə insanın kütləvi şəkildə qırılması və məhv edilməsi bütün mənəvi, əxlaqi, siyasi kolliziyaların kökü kimi digər problemləri özünə cəlb edir. Uzun müddət qapalı mövzu olmuş Holokost mənim xalqımın faciəsidir. Məhz bu səbəbdən, Azərbaycanın Xocalı şəhərində vəhşicəsinə törədilmiş qanlı soyqırımı aktını mən həm də özümün şəxsi ağrı-acım kimi, mənim şəxsi faciəm kimi qəbul edirəm”.

Azərbaycan dövlətinin başçısı qeyd edib ki, Xocalı sakinlərinin kütləvi şəkildə qətlə yetirilməsinin iştirakçılarından biri Ermənistanın indiki prezidenti Serj Sarkisyan olub. Arye Qut öz məqaləsində vurğulayır: “Qanlı Xocalı qırğını təkcə Azərbaycan xalqına qarşı cinayət deyil, bu, bilavasitə insanlığa qarşı cinayətdir. Hər il fevral ayı Azərbaycan xalqının qəlbində ağrılar və yaralar ayıdır. Bu yaralar heç bir təqsiri olmadığı halda qətlə yetirilmiş azərbaycanlılarla bağlıdır. Axı bu insanların hərəsinin öz taleyi, ailəsi, uşaqlığı, arzusu vardı. Erməni silahlı dəstələri tərəfindən törədilmiş qanlı qırğın nəticəsində bu insanların gələcəyi yarımçıq qaldı. Həlak olanların qohumlarının bir dəhşətli ağrısı var – insanlığa qarşı bu vəhşi cinayəti törədənlər hələ də beynəlxalq məhkəmə qarşısında cavab verməyib və cəzasız qalıblar. İkinci Dünya müharibəsindən sonra faşist xuntasının nümayəndələrinin əksəriyyəti Nürnberq prosesində beynəlxalq məhkəmə qarşısında cavab verdi. Xocalıda dinc Azərbaycan vətəndaşlarının kütləvi şəkildə məhv edilməsinin ideoloqları və icraçıları isə müasir Ermənistan Respublikasında rahatca yaşayırlar. Mən insan haqları və demokratiya barədə danışmağı xoşlayan sivil dünyaya müraciət edirəm: Azərbaycanın Xocalı şəhərində erməni faşistləri tərəfindən öldürülmüş 63 uşağın nə təqsiri vardı? Axı həyata yenicə qədəm qoyan bu məsum uşaqların bəziləri hətta ilk addımlar atmağa macal tapmamış, danışmağı yenicə öyrənməyə başlamışdı. Onlar da oyuncaqlarla oynamaq, həyatdan zövq almaq, öz ata və analarını qucaqlamaq, valideynləri ilə birlikdə xoşbəxt olmaq, uşaq bağçasına, daha sonra məktəbə getmək istəyirdilər. Erməni faşist və terrorçular bu uşaqların həyatını yarımçıq qoydular. Bu günahsız balaların yeganə “təqsiri” onların azərbaycanlı olması idi. Xocalıda soyqırımı aktının təşkilatçılarının çoxu bu gün hətta Ermənistan dövlətində yüksək vəzifələr tutur. Sabiq müdafiə naziri Seyran Ohanyan, indiki prezident Serj Sarkisyan və eks-prezident Robert Koçaryan belələrindəndir. Adlarını çəkdiyim bu siyasətçilərin hər biri Xocalıda azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlərdə və onların məhv olunmasında iştirak edirdilər, buna görə nasistlər kimi onlar da beynəlxalq məhkəmə qarşısında dayanmalı və öz cinayətlərinə görə cavab verməlidirlər. Nasistlər kimi, onların da barəsində kifayət qədər material və videosənədlər var. Çoxsaylı müstəqil beynəlxalq mənbələrdə Ermənistan Respublikasının yuxarıda adlarını çəkdiyim yüksəkvəzifəli şəxslərinin bu cinayətdə iştirakını təsdiq edən şahid ifadələri var. Öz cinayətlərini gizlətməyə çalışan nasistlərdən fərqli olaraq, bu şəxslərin bəziləri xarici KİV-lərə müsahibələr verir, Xocalıda azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə haqq qazandırmağa çalışır, buna görə fəxr edirlər. Mən əminəm ki, nasistlərin hakimiyyəti kimi, bu başabəla siyasətçilərin hakimiyyəti də uğursuzluqla başa çatacaq”.

Qutun fikrincə, Serj Sarkisyanın bütün son bəyanatları və real hərəkətləri, həmçinin onun uğursuz xarici və daxili siyasəti bir daha sübut edir ki, Sarkisyan tamamilə məsuliyyətsiz və uzaqgörməz siyasətçidir. İsrailli ekspert yazır: “O, Qarabağ separatizmi dalğasında təsadüfən Ermənistanın siyasi həyatında ön plana keçmiş terrorçu olub və bu gün də belə bir terrorçu kimi qalır. Sarkisyan özünün diplomatiyadan uzaq olan bütün çıxışlarında öz ölkəsinin təcavüzkar siyasətinə haqq qazandırmağa çalışır və bununla da sübut edir ki, o, faktiki olaraq hələ də diplomatiya və beynəlxalq siyasət kimi anlayışlardan tamamilə uzaq Sarkisyan kimi qalıb. Bu, onun savadının və siyasi mədəniyyətinin aşağı səviyyədə olmasını bir daha təsdiq edir”.

İlham Əliyev vurğulayıb ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinin tərəfdarıdır, lakin bu problemin həll edilməməsi Ermənistan tərəfindən hərbi provokasiyalara gətirib çıxarır, nəticədə hər iki tərəfdən insanlar həlak olur. Azərbaycan Prezidenti BMT-nin Baş Məclisinin növbəti iclasında çıxışının sonunda bir daha vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq əsasında, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında tənzimlənməli, Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa edilməlidir.

Bu çağırışın 25 ildən artıq müddətdə işğala və qarətə məruz qalmış, bir milyondan çox qaçqın və köçkünün problemlərini təkbaşına həll edən ölkənin Prezidenti tərəfindən səsləndirilməsinə diqqəti cəlb edən Qut yazır: “İnanın, əgər Ermənistanın ərazisi işğal edilmiş olsaydı, o, işğalçılarla mülayim rəftar etməz, ATƏT-in Minsk Qrupunun və digər təşkilatların tövsiyələrinə qulaq asmazdı. Azərbaycanın yerində Ermənistan olsaydı, o bütün dünyaya hay-küy salar və işğalçıya müharibə elan edərdi. O, nəinki öz torpaqların qaytarar, üstəlik, işğalçı dövlətin torpaqlarını da ələ keçirərdi”.

Qutun sözlərinə görə, Azərbaycan Prezidenti, əlbəttə, bəzi dinləyicilərin əsəblərinə toxunmaq istəmədi, lakin nəinki Azərbaycan torpaqlarının işğalının arxasında dayanan, hətta bu gün də təcavüzkarın Dağlıq Qarabağ münaqişəsi ətrafında status-kvonu nəyin bahasına olursa-olsun saxlamaq arzusuna göz yummağa çalışan konkret dövlətlərin adlarını bütün dünya bilir.

Arye Qut vurğulayıb: “Rəsmi Bakı Ermənistanla bu münaqişənin indiki status-kvosu ilə heç vaxt razılaşmayacağını çoxdan bildirib. 2016-cı ilin aprel hadisələri – Azərbaycan silahlı qüvvələrinin Ermənistan silahlı qüvvələrinə sərt və sərrast cavab verərək onlara sarsıdıcı zərbələr endirməsi bir daha göstərdi: rəsmi Yerevan başa düşməlidir ki, Azərbaycanın səbri tükənib. Üstəlik, beynəlxalq hüquq normalarına əsasən, rəsmi Bakı həm özünü müdafiə etmək, həm də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad etmək hüququna malikdir. Lakin təəssüf ki, beynəlxalq münasibətlərin bugünkü reallığı sübut edir ki, dünya arenasında güc amili daha səmərəli təsir göstərir. Bununla əlaqədar, ABŞ siyasi realizm məktəbinin görkəmli nümayəndəsi Hans Morqentaunun aşağıdakı sözlərini bir daha xatırlatmaq yerinə düşər: “hər hansı başqa siyasət kimi, beynəlxalq siyasət də hakimiyyət uğrunda mübarizədir”. Morqentau beynəlxalq münasibətlər sahəsində hakimiyyət uğrunda mübarizə dedikdə dövlətlərin dünyada öz üstün qüvvəsini və təsirini bərqərar etmək uğrunda mübarizəsini nəzərdə tuturdu. Morqentaunun sözlərindən belə çıxır ki, müasir dünyada problemin dinc yolla həllinə ümid etmək illüziyadır? 25 ildən artıq müddətdə beynəlxalq hüququn aliliyini təmin edə bilməyən dünya birliyi və beynəlxalq təşkilatlar isə Azərbaycanı bu problemi güc hesabına həll etməyə sövq edirlər?

Arye Qut vurğulayıb: “Bugünkü Azərbaycan 1990-cı illərdəki Azərbaycan deyil, bu gün Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin şəksiz lideridir. Bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü və qüdrətli ordusu olan ölkədir. Bu ordu öz gücünü nümayiş etdirmək üçün həqiqət anını gözləyirdi. Bu baxımdan, kimin nə deməsindən, necə bəyanatlarla çıxış etməsindən asılı olmayaraq, hər bir dövlət öz təhlükəsizliyini və suverenliyini qorumağa qabil olmalıdır. Tamamilə aşkardır ki, indi Cənubi Qafqaz regionunda yaranmış gərginlik Ermənistanın işğalçı siyasətinin, onun danışıqlar prosesini yenidən pozmaq cəhdinin nəticəsidir. Bunun təqsiri isə, ilk növbədə, Ermənistan rəhbərliyindədir. Mən dəfələrlə demişəm, Ermənistan prezidenti, ilk növbədə, ağır geosiyasi və iqtisadi kollaps vəziyyətində olan ölkəsi haqqında deyil, özünün şəxsi hakimiyyətini qoruyub saxlamaq və möhkəmlətmək barədə, öz klanının mənafeləri barədə düşünür. Tamamilə aydındır ki, Sarkisyanın riyakarlığının həddi-hüdudu yoxdur. Yaxşı deyiblər ki, siyasətdə vicdanlılıq gücün nəticəsi, riyakarlıq isə zəifliyin nəticəsidir. Prezident Sarkisyan BMT tribunasında özünü konstruktiv və tolerant lider kimi göstərməyə çalışdı, amma bunu edə bilmədi. Təəssüf ki, faktdır: Ermənistan siyasətinin ön səhnəsinə təsadüfən düşmüş Sarkisyan ikinci müddətə Ermənistan prezidenti seçilməsinə baxmayaraq, dövlətçilik təfəkküründən və dünyada baş verən proseslərə qlobal baxış imkanından məhrum olan terrorçu kimi düşünməkdə davam edir. Bütün bu faktlar bir daha sübut edir ki, Ermənistan qonşu dövlətlərlə, xüsusən Azərbaycanla sülh şəraitində yaşamağa hazır deyil. Buna görə də 25 ildən artıq davam edən danışıqlarda heç bir tərəqqi və real irəliləyiş görünmür”.

Sarkisyan bir neçə gün bundan əvvəl BMT tribunasından söylədiyi uğursuz nitqində, o cümlədən, Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə də toxunaraq qeyd edib ki, Dağlıq Qarabağ xalqının təyini-müqəddərat hüququnun reallaşması həyatı əhəmiyyət kəsb edir. O deyib: “Mən bu məsələdə təkcə Ermənistanın və Dağlıq Qarabağın mövqeyini yox, bütün dünya ermənilərinin vahid nöqteyi-nəzərini ifadə edirəm”.

Ermənistan prezidenti yalan danışmaqda davam edərək vurğulayıb ki, Qarabağ heç vaxt müstəqil Azərbaycanın tərkib hissəsi olmayıb, buna görə də Dağlıq Qarabağı zorla bu dövlət qurumuna qoşmaq cəhdləri ədalətsizlikdir.

Qutun fikrincə, dünya miqyaslı bu tribunadan yalan danışmaqda davam etmək həyasızlıqdır, çünki hamı başa düşür ki, qondarma “Dağlıq Qarabağ Respublikası” Ermənistan tərəfindən onun himayədarlarının köməyi ilə yaradılmış oyuncaq separatist terrorçu qurumdur. Məqalə müəllifi vurğulayır: “Tutaq ki, Ermənistan bu oyuncaq qurumu tanıdı, nə olsun? Əgər Ermənistan belə bir düşünülməmiş addım atarsa, bu, ilk növbədə, beynəlxalq hüququn əsas normalarına və prinsiplərinə hörmətsizlik, danışıqlar prosesinə, ATƏT-in Minsk qrupuna və onun sədrlərinə hörmətsizlik nümayiş etdirilməsi demək olacaq. Bu həm də Azərbaycanı müharibəyə çağırmaq demək olacaq. Axı biz Ermənistan iqtisadiyyatının necə acınacaqlı vəziyyətdə olmasını yaxşı bilirik. Cənubi Qafqazın ən yoxsul və ən asılı ölkəsi olan Ermənistan iqtisadi cəhətdən erməni diasporunun xaricdən göstərdiyi köməkdən və yardımdan asılıdır. Bugünkü vəziyyətdə Ermənistanın özünün müstəqil qərar qəbul etməsinə heç kəs imkan verməyəcək. Dağlıq Qarabağın müstəqilliyini tanıyacağı təqdirdə isə Ermənistan özü münaqişəyə təhrik edir, beləliklə müharibə cığırına qədəm qoyur. Bu, indiki Serj Sarkisyan rejiminin terrorçu mahiyyətini bir daha sübut edir. Bu rejim üçün beynəlxalq hüquq qaydaları bir parça kağızdan başqa bir şey deyil.

Beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut İsrailin ən nüfuzlu ingilisdilli nəşri olan “The Jerusalem Post” qəzetində dərc edilmiş məqaləsinin sonunda yazır: “Belə bir sual yaranır: Dünya ictimaiyyəti Sarkisyanın uşaq kimi şıltaqlıqlarına, onun Kim Çen In kimi beynəlxalq hüquqa tabe olmadan bütün dünyaya meydan oxumasına nə vaxta qədər dinməzcə dözəcək?”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb