SİYASƏT
“The Korea Post” qəzeti Qarabağ həqiqətlərindən yazır
Pekin, 15 oktyabr, AZƏRTAC
Cənubi Koreyada ingilis dilində nəşr olunan nüfuzlu “The Korea Post” qəzeti Ermənistanın hərbi təxribatları və onun nəticəsində yaranmış vəziyyət, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan Ordusunun əks-həmlə əməliyyatları barədə geniş məqalə yayımlayıb.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Koreya Respublikasındakı səfiri Rəmzi Teymurovla müsahibə əsasında hazırlanan məqalədə sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini, o cümlədən cəbhə xəttindən xeyli aralıda yerləşən Gəncə və Mingəçevir şəhərlərini atəşə tutmasından, mülki insanların həlak olması və yaralanmasından, infrastruktura ciddi ziyan dəyməsindən söz açılıb. Qeyd olunub ki, oktyabrın 10-da Moskvada Azərbaycan, Rusiya və Ermənistanın Xarici İşlər nazirlərinin humanitar atəşkəs barədə razılaşmasından heç bir sutka keçməmiş, Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə atəşə tutulub, nəticədə dinc sakinlər arasında ölən və yaralananlar olub. Ermənistanın təcavüz aktı beynəlxalq hüququn norma və prinsiplərinin, beynəlxalq humanitar hüququn, Cenevrə Konvensiyasının, habelə Azərbaycanın işğal edilmiş ərazilərindən erməni qoşunlarının dərhal, tam və qeyd şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin pozulmasıdır.
Məqalədə münaqişənin tarixi haqqında məlumat verilib, işğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirildiyi diqqətə çatdırılıb.
Bildirilib ki, Ermənistanın son təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlayıb. Bu əməliyyatlar özünümüdafiə xarakteri daşıyır, ölkənin suverenliyinin və ərazi bütövlüyünün bərpasına, vətəndaşların təhlükəsizliyinin təminatına yönəlib.
Səfir R.Teymurov beynəlxalq ictimaiyyətin işğalçıya lazımi təzyiq göstərməsinin vacibliyini vurğulayıb, bu xüsusda Cənubi Koreyanın da ədalətli mövqe nümayiş etdirəcəyinə ümidvar olduğunu deyib.
Məqalədə AZƏRTAC-ın Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrinə və infrastruktura hücumunu əks etdirən fotolarından istifadə olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin