CƏMİYYƏT
Tibb Universiteti növbəti onlayn simpoziumda təmsil olunub
Bakı, 14 iyun, AZƏRTAC
Azərbaycan Tibb Universiteti (ATU) “COVID-19 pandemiyası kontekstində tibbi təhsil” mövzusunda onlayn formatda keçirilən beynəlxalq simpoziumda təmsil olunub.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ukraynanın Xarkov Milli Tibb Universiteti tərəfindən keçirilən tədbirdə ATU-nun tibb təhsili və innovasiya şöbəsinin müdiri Aynur Orucova “COVID -19 pandemiyası zamanı Azərbaycan Tibb Universitetində tibb təhsilində olan müsbət və mənfi cəhətlər” mövzusunda çıxış edib.
Çıxışında Aynur Orucova Azərbaycan Tibb Universiteti haqqında ümumi məlumatla yanaşı, COVID-19 pandemiyası dövründə ali məktəbdə distant təhsilin təşkili, elektron tədris sistemi (ETS), hibrid təhsil prosesi haqqında da ətraflı bilgi verib. Simpozium iştirakçılarına, həmçinin mayın 26-da Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən keçirilən “Əlyuma və steril əlcəkgeyinmə“ onlayn təlimi barəsində də məlumat verilib. Elmi toplantıda Ukrayna, Özbəkistan və Qazaxıstandan olan mütəxəssislər, həmin ölkələrin tibb universitetlərinin əməkdaşları öz təcrübələrini bölüşüblər.