CƏMİYYƏT
Tibb Universitetində Böyük Vətən müharibəsi veteranları ilə görüş olub
Bakı, 10 may, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli rəhbərlik etdiyi bu, ali təhsil ocağında çalışan İkinci Dünya müharibəsi veteranları ilə görüşüb.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rektor görüş zamanı Qələbə Günü münasibətilə veteranları təbrik edib.
Rektor alman faşizminə qarşı döyüşlərdə 600 mindən çox həmyerlimizin vuruşduğunu, onların yarıdan çoxunun həlak olduğunu xatırladıb: “Düşmən üzərində qələbə qazanılması üçün yüz minlərlə soydaşımız canından keçib. Azərbaycanlılardan təşkil edilən diviziyalar müharibə tarixinə parlaq səhifələr yazıb, arxa cəbhədə isə ata-babalarımız ön cəbhədə uğur qazanılması üçün böyük fədakarlıq göstəriblər. Biz indiki firavan həyat üçün həmin qələbənin qazanılmasında əməyi olan hər kəsə minnətdar olmalıyıq”.
Görüş zamanı çıxış edən veteranlar cəbhə xatirələrini bölüşüb, onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra universitetdə çalışan arxa cəbhə veteranlarına mükafatlar verilib, xatirə şəkli çəkilib.