CƏMİYYƏT
Tibb Universitetində amerikalı professor qazaxıstanlı magistrantlar qarşısında mühazirə oxuyub
Bakı, 13 mart, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin ictimai sağlamlıq və səhiyyənin təşkili kafedrasında “İnfeksion xəstəliklərin epidemioloji analizi və sübuta əsaslanmış təbabət” mövzusunda seminar keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Fulbrayt tələbə proqramı çərçivəsində keçirilən mühazirəni Marat Ospanov adına Qərbi Qazaxıstan Dövlət Tibb Universitetinin bir qrup magistrantları qarşısında Amerikanın Viskonsin Lakers Universitetinin professoru Robert Jeklin oxuyub.
Seminarda Amerika, Azərbaycan və Qazaxıstan səhiyyəsinin təşkili, problemləri, gələcək perspektivlər və digər məsələlərlə bağlı məlumatlar müzakirə olunub.
Qeyd edək ki, universitetlərarası razılaşmaya əsasən martın 5-dən 16-dək Qərbi Qazaxıstan Dövlət Universitetinin magistrantları Tibb Universitetinin qonağıdır. Onların hər gün müxtəlif kafedralarda keçirilən elmi seminarlarda iştirak etməsi nəzərdə tutulub.