ELM VƏ TƏHSİL
Tibb hüququnun tədris proqramına daxil edilməsi üzrə əməkdaşlıq memorandumu imzalanıb VİDEO
Bakı, 29 noyabr, AZƏRTAC
Noyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutu ilə Azərbaycan Tibb Universiteti (ATU) arasında hüquq elminin yeni sahəsi olan tibb hüququnun tədris proqramına daxil edilməsi üzrə əməkdaşlıq haqqında memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, imzalanma mərasimində institutun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva rəhbərlik etdiyi elm müəssisəsi ilə Azərbaycan Tibb Universiteti arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, tibb hüququnun tədrisində məqsəd həkim-pasiyent münasibətlərinin nizamlanmasının hüquqi əsaslarını təmin etməkdir.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli institutda təhsilin inkişafı ilə bağlı reallaşdırılan tədbirlərdən danışıb, tibb hüququnun tədris proqramına daxil edilməsinin vacibliyini diqqətə çatdırıb.
Sonra əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi A.Mustafayeva və G.Gəraybəyli imzalayıblar.
Memorandumda hüquq və insan haqları sahəsində birgə elmi əməkdaşlıq, tibb hüququ elminin inkişafı, elmi konfransların, seminarların təşkil edilməsi, elmi məqalələrin və dərsliklərin nəşri, fiziki imkanları məhdud olan şəxslərin təlimi və inklüziv təhsili metodologiyasının inkişafı sahəsində təkliflərin hazırlanması və s. məsələlər əksini tapıb.
Qeyd edək ki, artıq institut tərəfindən tibb hüququ üzrə dərslik hazırlanaraq nəşr olunub. Rus dilində təhsil alan tələbələr, eləcə də oxucular gələn il bu dərsliyi əldə edə biləcəklər.