İQTİSADİYYAT
Tikinti müəssisələrinin ixtiyarında 11733 tikinti maşını olub
Bakı,14 aprel, AZƏRTAC
2018-ci il yanvarın 1-i vəziyyətinə ölkənin tikinti müəssisələrində 11733, o cümlədən dövlət müəssisələrində 5132, qeyri-dövlət müəssisələrində isə 6601 tikinti maşını olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 2017-ci il ərzində 1222 maşının dəyəri tam amortizasiya olunub, onlardan 421-i istismara yararsız olduğuna görə silinib.
2017-ci ildə tikinti müəssisələri tərəfindən 120 ədəd müxtəlif növ tikinti maşını alınıb ki, onların 29-u avtobetondaşıyıcılar və avtobetonqarışdırıcılar, 21-i avtomobil kranları, 18-i yük və sərnişin qaldırıcılar, 14-ü traktor və avtomobil üzərində qazma maşınlar, 12-i ekskavator-kranlar daxil edilməklə tırtıllı gedişli kranlar, 6-ı skreperlər, 20-i isə digər növ tikinti maşınlarıdır.
Tikinti maşınlarının 9,4 faizi Naxçıvan Muxtar Respublikasında, 66,0 faizi Bakı şəhərində, 8,0 faizi Aran, hər birində 4,1 faiz olmaqla Abşeron və Gəncə-Qazax, 8,4 faizi isə digər iqtisadi rayonlarda cəmlənib.