REGİONLAR
Tir atıcılığı üzrə muxtar respublika birinciliyinin qalibləri müəyyənləşib
Naxçıvan, 26 iyun, AZƏRTAC
Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında 26 İyun - Silahlı Qüvvələr Gününə həsr edilən tir atıcılığı üzrə muxtar respublika birinciliyi başa çatıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Dövlət Universitetində reallaşan yarışda 6 komanda iştirak edib. Gənclər və İdman Nazirliyi ilə Atıcılıq Federasiyasının birgə təşkil etdiyi birincilik gənclərə vətənpərvərlik ruhunun aşılanması, atıcılıq idman növlərinin təbliği məqsədilə keçirilib.
Nəticələrə gəlincə, oğlanlar arasında Babaəmir Hacıyev ən yüksək göstərici ilə birinci yerə layiq görülüb. İlk üçlükdə müvafiq olaraq Rafiq Hüseynov və Süleyman İsmayılov qərarlaşıblar. Qızlar arasında Aysel Əliyeva qalib elan olunub. Ləman Məmmədli ikinci, Səkinə Məmmədova isə üçüncü olub. Komanda hesabında birinciliyi Naxçıvan Dövlət Texniki Kolleci əldə edib. Naxçıvan Tibb Kolleci və Naxçıvan Dövlət Universitetinin komandaları müvafiq olaraq ikinci, üçüncü sıralarda yer alıblar.
İlk üçlükdə qərarlaşan idmançılara yarışın xatirə suveniri, diplom və peyntbol mərmiləri təqdim edilib.