DÜNYA
Tokioda nümayiş etdirilən videoda Karlos Qon günahsız olduğunu bildirib
Tokio, 9 aprel, AZƏRTAC
Aprelin 9-da Tokioda jurnalistlərə nümayiş etdirilən videoda Fransa-Yaponiya “Renault”–“Nissan”–“Mitsubishi” avtomobil alyansının sabiq rəhbəri Karlos Qon Yaponiyada ona qarşı irəli sürülən bütün ittihamları qəbul etməyərək, günahsız olduğunu və məhkəmənin ədalətli olacağına ümid etdiyini bildirib.
AZƏRTAC xəbər verir ki, K.Qonun videomüraciəti Tokioda keçirilən mətbuat konfransında onun vəkili Zyuniçoro Hironaka tərəfindən təqdim edilib. Videomüraciətdə K.Qon deyib: “Mənə qarşı irəli sürülən bütün ittihamlar üzrə günahsızam. Mən Yaponiyanı və “Nissan” şirkətini sevirəm. Hər hansı ölkəyə məhəbbəti olmayan istənilən şəxs həmin ölkədə 20 il yaşamaz və eyni şirkətə rəhbərlik etməz. Mən bütün karyeramı “Nissan”da uğur qazanmağa həsr etmişəm və biz Yaponiya iqtisadiyyatına, burada biznesin inkişafına böyük töhfələr vermişik”.
K.Qon ona qarşı məhkəmənin ədalətli olacağına ümid etdiyini əlavə edib. Mətbuat konfransında çıxış edən vəkil bildirib ki, K.Qonun videomüraciəti redaktə edilib və orada qeyd olunan real şəxslərin adı istintaqa təsir etməmək üçün çıxarılıb.
Xatırladaq ki, K.Qon və onun köməkçisi Qreq Kelli ötən il noyabrın 19-da yapon maliyyə qanunvericiliyini pozduqlarına görə həbs ediliblər. Məsələ burasındadır ki, K.Qon 2010-2018-ci illərdə “Nissan” şirkətinin direktoru olarkən 9 milyard yen (80 milyon dollardan çox) məbləğində aldığı mükafatı bəyan etməyib. Təhqiqatın bildirdiyinə görə, o, eyni zamanda, 2008-ci ildə qiymətli kağızlarla əməliyyatlar zamanı öz şəxsi maliyyə itkilərini şirkətin üzərinə qoyub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio