İDMAN
Topaz Premyer Liqası: “Keşlə” dördüncü dəfə məğlub olub
Bakı, 14 aprel, Nicat Məmmədov, AZƏRTAC
Aprelin 14-də Topaz Premyer Liqasının 24-cü turunun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Keşlə” öz meydanında “Qəbələ” klubunu qəbul edib.
“ASK Arena” stadionunda reallaşan görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Gərgin hücumlarla keçən görüşün birinci hissəsində hesab açılmayıb.
Fasilədən dərhal sonra 46-cı dəqiqədə Ceyms Adeniyi qapıçı ilə təkbətək mübarizədə qalib ayrılıb. Matçın 65-ci dəqiqəsində Davit Volkov komandasının üstünlüyünü artırıb. Qarşılaşmanın 76-cı dəqiqəsində paytaxt təmsilçisi hesab arasındakı fərqi azaldıb. Con Kamara künc ötürməsindən sonra dəqiq zərbə ilə adını tabloya yazdırıb.
Bu qələbə sayəsində “Qəbələ” 33 xal toplayaraq turnir cədvəlində dördüncü yerdə qərarlaşıb. “Keşlə” isə 19 xalla sonuncu – səkkizinci yerdədir.
Topaz Premyer Liqasının növbəti turunda “Keşlə” “Qarabağ”ın qonağı olacaq, “Qəbələ” isə öz meydanında “Zirə”ni qəbul edəcək.
Qeyd edək ki, tura aprelin 13-də start verilib. “Zirə” öz meydanında “Sumqayıt”ı (2:0), “Qarabağ” isə “Sabah”ı məğlub edib.
Tura saat 18:00-da başlayacaq “Səbail”–“Neftçi” oyunu ilə yekun vurulacaq.
Görüş “CBC Sport” telekanalında canlı yayımlanacaq.