İDMAN


Topaz Premyer Liqası: turun mərkəzi oyununda "Neftçi" komandası "Qəbələ"yə qalib gəlib

Bakı, 19 avqust, AZƏRTAC

Avqustun 19-da Topaz Premyer Liqasının ikinci turunun maraqla gözlənilən mərkəzi oyununda "Qəbələ" və "Neftçi" üz-üzə gəlib. Oyun paytaxt təmsilçisinin meydanında - "Dalğa Arena"da keçirilib.

AZƏRTAC xəbər verir ki, baş hakim Rəhim Həsənovun idarə etdiyi qarşılaşma "Neftçi"nin qələbəsi ilə başa çatıb (2:1). Oyuna hücumlarla başlayan paytaxt komandası 36-cı dəqiqədə hesabda irəli çıxıb - 1:0. Qonaqların müdafiəçilərinin kobud səhvindən istifadə edən Baqali Dabo keçmiş komandasının qapısına qol vurub.

Fasilədən sonra da matç "ağ qaralar"ın hücumları şəraitində keçib. Rəqib komandanın müdafiəsinin səhvindən yararlanan Qoran Paratskinin ötürməsindən sonra Dario Frederiko 48-ci dəqiqədə meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb. Qarşılaşmanın sonlarında "Qəbələ"nin futbolçusu Rauf Əliyevin vurduğu qol sayəsində hesab arasındakı fərq azalıb - 2:1. Beləliklə, paytaxt komandası bu mövsüm çempionatda ikinci qələbəsini qazanıb.

Qeyd edək ki, bu rəqiblər indiyədək ölkə çempionatında 40 dəfə üz-üzə gəlib. Matçların 17-də "Neftçi", 15-də isə "Qəbələ" qələbə qazanıb, 8 qarşılaşma isə heç-heçə yekunlaşıb.

"Neftçi" növbəti oyununu səfərdə "Qarabağ"a qarşı keçirəcək. "Qəbələ" isə eyniadlı şəhər stadionunda "Sumqayıt"ı qəbul edəcək.

Qeyd edək ki, bu turun açılış matçında "Qarabağ" komandası "Səbail"i 2:0 hesabı ilə məğlub edib. "Zirə"nin çempionatdakı ilk matçında "Keşlə" ilə qarşılaşması heç-heçə yekunlaşıb - 2:2.

İkinci tura "Sabah" – "Sumqayıt" komandalarının "Əlincə Arena"dakı matçı ilə yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.