İDMAN
Topaz Premyer Liqasının XXI turunun oyunlarına hakim təyinatları açıqlanıb
Bakı, 12 mart, AZƏRTAC
Futbol üzrə Topaz Premyer Liqasının XXI turunun oyunlarını idarə edəcək hakimlər məlum olub.
Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildiriblər ki, turun bütün görüşləri martın 15-də keçiriləcək.
“Əlincə Arena” stadionunda “Sabah”–“Sumqayıt” qarşılaşmasını hakim Orxan Məmmədov idarə edəcək.
“Zirə”–“Keşlə” görüşünün əsas hakimi Rəvan Həmzəzadə olacaq. Həmin görüş Zirə Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunacaq.
“Bayıl Arena” stadionunda başlayacaq “Səbail”–“Qarabağ” matçına əsas referi Əliyar Ağayev təyin olunub.
Turun sonuncu görüşü “Bakcell Arena”da keçiriləcək. “Neftçi”–“Qəbələ” oyununda baş hakim funksiyasını Səbuhi Bayramov yerinə yetirəcək.
Qeyd edək ki, “Sabah”–“Sumqayıt” və “Zirə”–“Keşlə” oyunu saat 16:00-da, “Səbail”–“Qarabağ” görüşü saat 16:45-də, “Neftçi”–“Qəbələ” qarşılaşması isə 19:00-da başlayacaq.
İyirmi turdan sonra turnir cədvəlinə 44 xalla “Neftçi” klubu başçılıq edir. Aktivində 42 xalı olan “Qarabağ” ikinci, “Səbail” isə 31 xalla üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq, “Qəbələ” (28), “Sabah” (21), “Keşlə” (19), “Zirə” (19) və “Sumqayıt” (16) yer alıblar.
Turun bütün görüşləri “CBC Sport” kanalında canlı yayımlanacaq.