REGİONLAR


Tovuzda tibb işçiləri peşə bayramlarını qeyd ediblər

Tovuz, 17 iyun, Famil Quliyev, AZƏRTAC 

17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü Tovuzda da qeyd olunub.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstləri düzərək xatirəsini ehtiramla yad ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib.

Sonra rayon mərkəzi xəstəxanasının baş həkimi Paşa Muradov çıxış edərək qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 17 iyun tarixli qərarı ilə Səhiyyə və Sosial Təminat Nazirliyi təşkil olunub. İlk səhiyyə naziri 1903-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmiş, ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyli təyin edilib.

Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamına əsasən iyunun 17-si ölkədə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Məlumat verilib ki, son illər ölkədəki sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan verib. Bu dövrdə səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və digər genişmiqyaslı tədbirlər həyata keçirilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illərdə ölkədə 500-dən artıq tibb ocağı tikilib və ya əsaslı təmir edilib. Tibb müəssisələri müasir avadanlıqlarla təmin olunub. Dövlətimizin başçısının müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasını, onların ən müasir avadanlıqlarla təmin olunmasını, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz olunmasını, müalicəsini, regionlarda diaqnostika mərkəzlərinin istifadəyə verilməsini, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasını və səhiyyə sahəsində digər islahatların başlıca istiqamətlərini təşkil edir.

Diqqətə çatdırılıb ki, bölgələrdə də səhiyyənin inkişafı həmişə diqqət mərkəzində saxlanılıb. Belə ki, son illər Tovuz rayonunda 80 çarpayılıq müasir xəstəxana və Müalicə Diaqnostika Mərkəzi tikilərək istifadəyə verilib. Rayonun tibb müəssisələri əsaslı təmir olunub və müasir tibbi avadanlıqlarla təmin edilib.

Sonra tibb işçiləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Mərkəzdə Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərlə və sənədlərlə tanış olan səhiyyə işçiləri xatirə şəkili çəkdiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.