REGİONLAR
Toxumçuluq kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən biridir
Zaqatala, 15 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən biri olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilib və bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən zəruri tədbirlər davam etdirilir. Bununla bağlı daimi olaraq fermerlərin yanında olmaq, qarşılaşdıqları problemləri yerində həll etmək, bu sahədə müvafiq bilgilər vermək, yeni innovativ texnologiyaların tətbiqi və əyani nümayişi qarşıya qoyulan əsas vəzifələrdəndir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bununla əlaqədar olaraq sentyabrın 15-də Zaqatala rayonunda, Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Bölgə Təcrübə Stansiyasında bölgənin toxumçuluqla məşğul olan fermerlərinin iştirakı ilə “Yeni istifadəyə verilmiş toxumtəmizləmə qurğuları ilə taxıl toxumlarının təmizlənməsi, dərmanlanması və qablaşdırılması” mövzusunda regional müşavirə keçirilib.
Dövlət Fitosanitar Xidmətinin, Aqrar Elm və İnnovasiya Məsləhət Mərkəzinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin mütəxəssislərinin də iştirak etdiyi tədbirdə respublikada toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi sahəsində görülən işlər, fermerlərin qarşılaşdıqları problemlər ətraflı müzakirə olunub.
Müşavirədə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov “Respublikada toxumçuluğun inkişafında innovativ texnologiyaların tətbiqi və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib.
Xidmətin rəisi bildirib ki, kənd təsərrüfatı qeyri-neft sektorunun ən böyük potensiala malik sahələrindən biridir. Kənd təsərrüfatının strateji sahələrindən biri də toxumçuluqdur. Toxumçuluq kənd təsərrüfatının bünövrəsini təşkil edir. Çünki bitkiçilik məhsullarının istehsalı ilk növbədə keyfiyyətli toxumdan asılıdır.
İmran Cümşüdov deyib: “Qarşımızda duran ən mühüm vəzifə ondan ibarətdir ki, ölkəmizin bütün məhsullar, o cümlədən strateji bitkilər üzrə toxuma olan tələbatını yerli istehsal hesabına təmin edək. Dövlətin bu sahəyə çox güclü dəstəyi var. Bunu fermerlərin özləri də hiss edirlər. 2015-ci il martın 2-də Prezident İlham Əliyevin Sərəncamı ilə Toxum Fondu yaradılıb. Quruma xeyli vəsait ayrıldı ki, fermerləri, məhsul istehsalçılarını gələcəkdə keyfiyyətli, sertifikatlı toxumla təmin etmək mümkün olsun”.
Xidmətin rəisi bildirib ki, kənd təsərrüfatının bütün sahələrinə dövlətin qayğısı var. İstehsal prosesinin bütün mərhələlərində dövlət fermerlərin yanındadır. Dünyanın heç bir ölkəsində dövlət tərəfindən fermerlərə bu qədər diqqət və qayğı göstərilmir. Ona görə də, fermerlər bu qayğıya cavab olaraq, keyfiyyətli məhsul istehsal etməlidirlər.
Regional müşavirədə, həmçinin Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Şəfizadə rayonda bitkiçilik məhsullarının yığımının vəziyyəti, Elmi-Tədqiqat Əkinçilik İnstitutunun direktor müavini Atif Zamanov “Yüksək reproduksiyalı dənli və dənli-paxlalı bitki toxumlarının istehsalı”, Bölgə Təcrübə Stansiyasının direktoru Nəbi Kərimov “Yeni, yüksək məhsuldar sortların ilkin toxumçuluğunun təşkili”, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin şöbə müdiri Qərib Novruzlu “Toxumçuluq təsərrüfatlarının standartlara uyğun toxum istehsalı” mövzularında çıxışlar ediblər.
Sonra toxumçuluqla məşğul olan fermerlərin, təsərrüfat rəhbərlərinin sualları cavablandırılıb, geniş fikir mübadiləsi aparılıb.
Müşavirənin sonunda iştirakçılar toxum istehsalında innovativ texnologiyaların tətbiqi, toxumtəmizləmə qurğuları ilə toxumun təmizlənməsi, dərmanlanması və qablaşdırılması prosesi ilə əyani şəkildə tanış olublar.