CƏMİYYƏT
Toy mərasimi üçün bəzədilmiş avtomobildə külli miqdarda narkotik vasitə aşkarlanıb
Bakı, 27 iyun, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) sərhəd mühafizəsinin etibarlı təmin olunması sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirlərini uğurla həyata keçirir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Xidmət əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılması təmin olunub.
Lənkəran rayonunun Vel kəndi yaxınlığındakı sahil nəzarəti məntəqəsinin xidməti sahəsində toy mərasimi üçün xüsusi bəzədilmiş “Wolkswagen” markalı AZ 90-HC-666 dövlət nömrə nişanlı avtomobillə əraziyə gəlmiş iki naməlum şəxsin hərəkətləri diqqəti cəlb edib. Həmin şəxslərin sahildən 10-15 metr məsafədə olan əraziyə güllərlə bəzədilmiş avtomobillə gecə vaxtı gəlmələri, onlardan birinin avtomobildən düşərək aralanması və əlində dolu kisə ilə qayıtması şübhə doğurub.
Həmin şəxslər şübhəli şəxs qismində saxlanılıb. Avtomobilə qoyulan kisənin içərisində ümumi çəkisi 8 kiloqram 405 qram olan narkotik maddə (o cümlədən, 6 kiloqram 115 qram tiryək, 250 qram metafetamin, 1 kiloqram həşiş qətranı, 1 kiloqram 40 qram heroin) aşkarlanıb. Saxlanılmış vətəndaşların şəxsiyyəti dəqiqləşdirilib və onların Lənkəran rayon sakinləri 1982-ci il təvəllüdlü Məmmədov Məmməd Əsəd oğlu ilə 1983-cü il təvəllüdlü Kərimov Aqşin Qubad oğlu olmaları müəyyənləşdirilib.
Fakt üzrə DSX-nin istintaq və təhqiqat idarəsi tərəfindən cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.