DÜNYA
Tramp prezident postu uğrunda yenidən mübarizə aparacağını istisna etmir
Bakı, 1 mart, AZƏRTAC
ABŞ-ın sabiq Prezidenti Donald Tramp prezident seçkilərində yenidən iştirakını istisna etmir.
AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, Donald Tramp bu barədə Florida ştatında mühafizəkar respublikaçıların konfransında çıxış edərkən deyib.
Sabiq Prezident respublikaçıların aralıq seçkilərdə, sonra isə 2024-cü ildə keçiriləcək prezident seçkilərində qalib gələ biləcəyini qeyd edib. “Biz Senatda və Nümayəndələr Palatasında çoxluğu özümüzə qaytaracağıq. Sonra triumf anı gələcək: Ağ evdə yenidən respublikaçı prezident əyləşəcək”, - deyə Donald Tramp bildirib.
2016-cı ildə keçirilən səsvermə nəticəsində hakimiyyətə gələn Donald Tramp 2020-ci ildə ikinci müddətə prezident seçilməyə nail olmasa da, qalib gəldiyini iddia edir. Onun fikrincə, demokratlar seçki məntəqələrində kütləvi pozuntulara yol verdiyi üçün qalib Cozef Bayden olub.
Sabiq Prezident, həmçinin bundan sonra respublikaçıların hakimiyyət uğrunda sərt mübarizə aparmalı olduğunu vurğulayıb.