MƏDƏNİYYƏT
“Transsiberien” festivalının açılışında Qara Qarayevin musiqisi səsləndiriləcək VİDEO
Paris, 18 sentyabr, AZƏRTAC
Dekabrın 12-dən 14-dək Fransanın Lill şəhərində keçiriləcək “Transsiberien” festivalının açılış mərasimində azərbaycanlı bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baletindən vals səsləndiriləcək.
AZƏRTAC xəbər verir ki, bu fikri Parisdə festivala həsr edilmiş mətbuat konfransında festivalın direktorları, tanınmış skripkaçı Vadim Repin və dirijor Jan Klod Kasadesus söyləyiblər.
Yevgeni Svetlanov adına Beynəlxalq dirijorlar müsabiqəsinin təsisçisi Marina Brouer Azərbaycanın Fransadakı səfirliyi və Heydər Əliyev Fondu ilə əməkdaşlığa toxunub, həmçinin Q. Qarayevin bənzərsiz yaradıcılığından danışıb. Bildirib ki, “Transsiberien” festivalının açılışında Q. Qarayevin “Yeddi gözəl” baletindən valsın səsləndirilməsi təsadüf deyil, səfirliyinizlə əməkdaşlığın bəhrəsidir. M. Brouer Heydər Əliyev Fondunun azərbaycanlı musiqiçiləri təşviq etməsindən də söz açıb. Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsinə Fond tərəfindən namizədliyi irəli sürülən Fuad İbrahimovun uğurunu xatırladıb.
Novosibirskdən olan tanınmış skripkaçı Vadim Repin tərəfindən təsis edilmiş “Transsiberien” festivalı Yaponiya, ABŞ və Cənubi Koreyada keçirilib. Festival Avropada ilk dəfə Fransanın Lill şəhərində keçiriləcək. Festivalın məqsədi gənc musiqiçilərə motivasiya vermək və onları təşviq etməkdir.
Xatırladaq ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin birgə dəstəyi ilə Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətilə Fransada film çəkilmişdir. Filmdə Xalq artisti, beynəlxalq müsabiqələr laureatı, pianoçu Murad Hüseynov nüfuzlu “Reine Elizabeth Concours” müsabiqəsinin ən gənc qalibi, tanınmış skripkaçı Vadim Repin ilə birlikdə bəstəkarın sonatasını və 24 prelüdiyasını səsləndirib. Film Fransanın bir çox kanallarında dəfələrlə nümayiş olunub və klassik musiqisevərlər tərəfindən rəğbətlə qarşılanıb. “Meüüo” klassik musiqi kanalında film 20 dəfədən çox yayımlanıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris