İDMAN
Trek velosipedi üzrə açıq birinciliyin qalibləri müəyyənləşib
Bakı, 30 oktyabr, AZƏRTAC
Respublika Velotrekində “Təhsil” Respublika İdman Mərkəzinin yeniyetmələr arasında trek velosipedi üzrə açıq birinciliyi keçirilib. Yarışda klub və cəmiyyətlərin 100-ə yaxın üzvü iştirak edib.
AZƏRTAC xəbər verir ki, 15 yaşadək qızların 1 kilometr məsafəyə fərdi ötüşmə yarışında 7 saylı Olimpiya Məktəbinin nümayəndəsi Gülşən İsmayılova bütün rəqiblərini qabaqlamaqla birinci yeri tutub. Eyni yaş kateqoriyasında oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin üzvü Mehran Əhmədzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
U-17 yaş kateqoriyasında qızlar arasında Elfanə Camalova, oğlanların mübarizəsində isə Nikita Sitov hamıdan güclü olublar. Adları çəkilən idmançılar Respublika Olimpiya Velosiped Məktəbini təmsil edirlər.
On yeddi yaşadək qızların 5 kilometr məsafəyə dairəvi qrup ötüşməsində 7 saylı Olimpiya Məktəbinin yetirməsi Lalə Əbdürəhmanova bütün rəqiblərindən güclü olub. Nikita Sitov isə fərdi ötüşmədən savayı, 8,5 kilometr məsafəyə qrup ötüşməsində də çempionluq sevinci yaşayıb.
Qalib və mükafatçılar Azərbaycan Velosiped İdmanı Federasiyası və “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə təltif ediliblər.