ELM VƏ TƏHSİL
Tunis alimləri yeni külək turbini hazırlayıblar
Bakı, 10 fevral, AZƏRTAC
Turbin mexanizmi bir yerdə dayanaraq uça bilən kolibrinin hərəkətlərini təkrarlayır.
AZƏRTAC www.iсt.az saytına istinadla xəbər verir ki, Tunis alimlərinin hazırladıqları yeni külək turbini mexanika sahəsində inqilabi sıçrayış ola bilər. Unikal külək turbininin istehsalçısı “Tayer Wind” şirkətidir.
Külək turbini iki şaquli karbon lifindən hazırlanmış ox-qanadlara malikdir. 1,6 metr uzunluğunda olan qanadlar küləyin kinetik enerjisini təmiz elektrik enerjisinə çevirə biləcək. Hər iki qanad 1,11 kvadratmetr sahəni əhatə edir.
Bu, olduqca tarixi əhəmiyyətli hadisədir, çünki ilk dəfə qurğu kiçik quşun qanadlarının hərəkətini müvəffəqiyyətlə təkrarlaya bilir.
Mütəxəssislər bildiriblər ki, yeni qurğu xarici və daxili yanma mühərrikləri, nasoslar və gəmi motorları ilə yanaşı, bir çox texnologiyalarda da tətbiq edilə bilər.