REGİONLAR
Tur-aksiya iştirakçısı: Muxtar respublikada yüksək ali təhsil almaq üçün hər cür şərait var
Naxçıvan, 28 mart, AZƏRTAC
Naxçıvanda hər birimizin diqqətini cəlb edən səliqə-sahman, təmizlik çox xoşuma gəldi. Muxtar respublikanın paytaxtı çox gözəldir. Binalar göz oxşayır. İnsanlar səmimi və mehribandırlar.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Suraxanı rayon 101 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Rüfət Zəkiyev deyib.
“Diqqətimi ən çox çəkən isə Naxçıvandakı ali təhsil müəssisələri oldu. Muxtar respublikada yüksək ali təhsil almaq üçün hər cür şərait var” – deyən Rüfət Zəkiyev, məktəbi qurtarandan sonra ali təhsilini məhz Naxçıvanda davam etdirmək istədiyini bildirib.
Ordubad şəhərindəki 3 nömrəli tam orta məktəbdə də olduqlarını, müəllim və şagirdlərlə söhbət etdiklərini diqqətə çatdıran bakılı məktəbli buradakı elektron lövhəli sinif otaqlarının, idman zalının, kompüter otaqlarının, zəngin kitabxananın ən müasir səviyyədə olduğunu vurğulayaraq deyib: “Sevinirəm ki, həmyaşıdlarım gözəl imkanlara malik məktəblərdə təhsil alırlar. Bu, biz gənc nəslin gələcəyinə verilən böyük önəmin ifadəsidir. Ümumiyyətlə, Naxçıvanda olduğum üç gün məndə yüksək əhval-ruhiyyə yaratdı, çox məlumatlar öyrəndim”.