REGİONLAR
Tur-aksiyalar şagirdlərə respublikamızın tarixini, mədəniyyətini daha yaxından öyrənməyə imkan yaradır
Daşkəsən, 23 mart, Rauf Hacıyev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiyaya Daşkəsən rayonunun məktəbliləri də qoşulublar.
AZƏRTAC xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin, təhsil şöbəsi işçilərinin və valideynlərin iştirakı ilə şagirdlərin rayonun Heydər Əliyev meydanından yola salınması mərasimi keçirilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Cavanşir Qocayev bildirib ki, Daşkəsən məktəbliləri “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutunun iştirakçısı olacaqlar. Qrupa daxil olan şagirdlər 4 gün ərzində bu rayonlardakı tarixi yerlər, Heydər Əliyev mərkəzləri və tarix-diyarşünaslıq muzeyləri barədə zəngin bilik toplayacaqlar. Bu da şagirdlərdə Vətənimizin dilbər guşələri haqqında daha geniş məlumat əldə etməyə imkan verəcək.
Qeyd edilib ki, bu aksiyalar gənclərimizə respublikamızın tarixini dərindən öyrətməklə yanaşı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Prezident İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradacaq.
Çıxış edən valideynlər ölkəmizi daha yaxından tanımaq üçün övladlarına yaradılan şəraitə və şagirdlərin dünyagörüşünün yüksəldilməsinə, onların azərbaycançılıq ruhunda böyüməsi üçün mühüm əhəmiyyət kəsb edən tur-aksiyaların təşkilinə görə Azərbaycan Respublikasının Prezidentinə dərin minnətdarlıqlarını bildiriblər.
Tədbirdə çıxış edən Daşkəsən şəhər 2 saylı orta məktəbin 10-cu sinif şagirdi Gülnarə Nağıyeva deyib: “Səfərimizin maraqlı və faydalı olacağına inanıram. Tur-aksiya bizə Vətənimizi daha yaxından tanımaq, bildiklərimizi praktik cəhətdən zənginləşdirmək imkanı yaradacaq. Eyni zamanda, bu səfərdə yeni dostlar qazanacağıq. Bir sözlə, hamının geriyə maraqlı və xoş təəssüratlarla dönəcəyinə əminəm”.
Sonda ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzən 40 məktəblidən ibarət qrup Qəbələ rayonuna yola düşüb.