MƏDƏNİYYƏT
Turizm şirkətlərinin fəaliyyətinin monitorinqi keçiriləcəkdir
Bakı, 14 yanvar (AZƏRTAC). Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin fəaliyyətinin monitorinqi keçiriləcəkdir.
Bu barədə AZƏRTAC-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat vermişlər. Turizm şirkətlərinin fəaliyyətinin monitorinqi Azərbaycan Turizm Assosiasiyası və İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə həyata keçiriləcəkdir. Yaxın günlərdə monitorinq komissiyası yaradılacaqdır.
Komissiya turizm şirkətlərinin fəaliyyətinin standartına uyğunluğunu araşdıracaqdır. Bu zaman şirkətin yerləşdiyi ofisin şəraiti, müasir avadanlıqla təchizatı, əməkdaşların peşə hazırlığının və turistlərə göstərilən xidmətin səviyyəsi kimi amillər nəzərə alınacaqdır. Eyni zamanda, monitorinq aparılan şirkətin fəaliyyət üçün sənədlərinin standartlara uyğun olub-olmaması müəyyənləşdiriləcəkdir. Bu sıraya turizm vauçerlərinin təqdim olunması da daxildir. Çünki turizm vauçeri Azərbaycandan xaricə gedən və ölkəmizə gələn turistlərə göstərilən müvafiq xidmətin əks olunduğu sənəddir. Bu sənəd şirkətlə müştəri arasında münasibətləri tənzimləyir.
Son məlumatlara görə, Azərbaycanda 214 turizm şirkəti lisenziya əsasında fəaliyyət göstərir.