DÜNYA
“Türk axını” boru kəməri ilə 1 milyard kubmetr təbii qaz nəql edilib
Bakı, 28 yanvar, AZƏRTAC
Rusiya təbii qazını Türkiyə və Avropaya nəql edən “Türk axını” boru kəməri (“TurkStream”) ilə 1 milyard kubmetr qaz nəql olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın enerji şirkəti “Gazprom” məlumat yayıb.
Bildirilir ki, ayın əvvəlində istifadəyə verilən “Türk axını” ilə indiyədək nəql edilən 1 milyard kubmetr qazın 54 faizi Türkiyəyə, 46 faizi isə Bolqarıstan-Türkiyə sərhədinə çatdırılıb.
Qeyd edək ki, yanvarın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə boru kəməri istifadəyə verilib. Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 kilometrdir. Bu xətlərin hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq. Rusiyanın Anapa şəhərindən başlayan boru kəməri İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində quruya çıxır. Boru kəmərinin ilk xəttinin Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizini ödəyəcək. İkinci xətt ilə Rusiya qazının Avropaya nəqli planlaşdırılır.