ELM VƏ TƏHSİL
Türkdilli ölkələrin akademiyaları üçün impakt faktorlu jurnalın nəşrinə ehtiyac yaranıb
Bakı, 30 yanvar, AZƏRTAC
Türkdilli ölkələrin akademiyaları üçün impakt faktorlu jurnalın nəşrinə ehtiyac yaranıb.
AZƏRTAC xəbər verir ki, bu fikir yanvarın 30-da Bakıda keçirilən Beynəlxalq Türk Akademiyası Elmi Şurasının üçüncü toplantısında səslənib.
İclasda çıxış edən AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli vurğulayıb ki, türkdilli ölkələrin akademiyaları arasında nəşr mübadiləsinin davamlılığını təmin etmək məqsədilə bu ölkələrin Kitabxanalar Assosiasiyasının yaradılmasına da ehtiyac var. Türkdilli ölkələrin universitetləri arasında əlaqələrin genişləndirilməsi də çox önəmli məsələdir.
O, AMEA ilə Beynəlxalq Türk Akademiyası və türkdilli ölkələrin akademiyaları arasında əlaqələrdən danışıb. Qeyd edib ki, bu əlaqələrin möhkəmlənməsi Beynəlxalq Türk Akademiyasına üzv dövlətlərdə elm və təhsilin inkişafına töhfələr verə bilər.
Akademik onu da əlavə edib ki, ortaq türk tarixi dərsliyi hazırlanaraq müzakirə üçün AMEA-ya təqdim olunub. AMEA bu dərsliyə müsbət rəy verib.