MƏDƏNİYYƏT
Türkdilli xalqların nağıllarından ibarət “Türk dünyasının göy qurşağı” adlı kitabın təqdimat mərasimi keçiriləcək
Bakı, 24 iyun, AZƏRTAC
İyunun 25-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilat tərəfindən çap olunan türkdilli xalqların nağıllarından ibarət “Türk dünyasının göy qurşağı” adlı kitabın təqdimat mərasimi keçiriləcək.
Fonddan AZƏRTAC-a bildirilib ki, kitaba fonda üzv və müşahidəçi dövlətlərin, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Macarıstanın, eləcə də Özbəkistan və Türkmənistanın bir-birindən maraqlı və rəngarəng nağılları daxildir. Kitabın nəşr etdirilməsinin məqsədi gənc nəsli Türk Dünyasının zəngin adət-ənənələri, maddi-mədəni irsi və ədəbiyyat nümunələri ilə tanış etdirməkdir.
Tədbirdə rəsmilər, fonda üzv və müşahidəçi ölkələrin səfir və nümayəndələri iştirak edəcəklər.
Mərasim çərçivəsində Bakı şəhər 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin təqdimatında nağıl qəhrəmanlarının personajları canlandırılacaq, türkdilli ölkələrin milli rəqsləri nümayiş olunacaq.
Təqdimat pandemiya şəraitinə uyğun olaraq keçiriləcək.