DÜNYA
Türkiyə Sarıqamış hərəkatının ildönümünü qeyd edir
Ankara, 5 yanvar, AZƏRTAC
Türkiyənin Qars vilayətinin Sarıqamış rayonunda Sarıqamış hərəkatının 104-cü ildönümü ilə əlaqədar anım mərasimləri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Sarıqamış şəhidlərinin xatirəsinə ehtiram olaraq meydanlarda tonqallar qalanıb. Şəhidlərin əziz xatirəsinə dualar oxunub, şəhid məzarlıqları ziyarət edilib.
Dövlət və hökumət orqanları, eləcə də sıravi vətəndaşlar Sarıqamış faciəsi şəhidlərinin ruhuna ehtiramlarını müxtəlif formalarda ifadə ediblər. Milli Müdafiə Nazirliyi tərəfindən hazırlanan “Sarıqamış” videoçarxı sosial şəbəkədə sürətlə yayılıb. “Ruhunuz şad olsun!” şüarı ilə yürüşə çıxan vətəndaşlar “Qısa bir yürüşdə çox üşüdük, qəhrəman əsgərlərimiz isə bizim yolumuzda sərt şaxtaya sinə gərmək üçün yola çıxdılar, donaraq şəhidliyə ucaldılar” kimi ifadələr paylaşıblar.
Qeyd edək ki, 1914-cü ilin sonunda Osmanlı dövləti Rusiya imperiyasının hərbi təcavüzünü dəf etmək məqsədilə ölkənin şərqində Sarıqamış əməliyyatına başlayıb. Bölgədəki Allahu-Əkbər dağında şaxtalı hava şəraitində Osmanlı ordusunun çoxlu sayda hərbçisi donaraq həlak olub. Türk xalqına sarsıdıcı zərbə olan bu faciə Osmanlı dövlətinin Birinci Dünya müharibəsində məğlub olmasının əsas səbəblərindən biri kimi dəyərləndirilir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara