İDMAN
Türkiyə Superliqası: “Trabzonspor” – “Kasımpaşa” matçında 7 qol vurulub
Bakı, 31 oktyabr, AZƏRTAC
Oktyabrın 30-da futbol üzrə Türkiyə çempionatının yeddinci turunun birinci gününün qarşılaşmasında “Trabzonspor” öz meydanında “Kasımpaşa”nı qəbul edib.
AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşə İstanbul təmsilçisi fəal başlayıb. “Kasımpaşa”nın heyətində Miçkel Tirpan 8-ci dəqiqədə hesabı açmağa nail olub. Lakin meydan sahiblərinin müdafiəçisi Serkan Asan matçın 23-cü dəqiqəsində hesaba tarazlıq gətirib. Görüşün 31-ci və 38-ci dəqiqələrində Trabzon təmsilçisinin hücumçusu Antoni Nvakaeme komandasının iki qolunu vurub. Lakin qonaqlar oyunda bundan sonra geri dönüş etməyə müvəffəq olublar. Qarşılaşmanın 41-ci dəqiqəsində Yusif Ərdoğan vurduğu qolla hesab arasındakı fərqi azaldıb. Oyunun 87-ci dəqiqəsində “Trabzonspor”un futbolçusu Edqar Le topu öz qapısına vuraraq hesabı bərabərləşdirib. Görüşdə son qolu isə istanbulluların hücumçusu Benqali-Fode Koita vurub.
Beləliklə “Trabzonspor” doğma divarlar arasında “Kasımpaşa”ya 3:4 hesabı ilə məğlub olub.
Günün digər matçında “Fatih Karagümrük” doğma meydanda “Ərzurumspor”u 5:1 hesabı ilə darmadağın edib.
Turun digər oyunları aşağıdakılardır:
“Gənclərbirliyi” – “Qaziantep”;
“Qalatasaray” – “Ankaragücü”;
“Rizəspor” – “Kayserispor”;
“Konyaspor” – “Başakşəhər”;
“Beşiktaş” – “Yeni Malatyaspor”;
“Antalyaspor” – “Fənərbağça”;
“Hatayspor” – “Sivasspor”.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. Beşinci turda “Dənizlispor” istirahət edir.
Hazırda çempionatın turnir cədvəlinə 16 xalla “Alanyaspor” başçılıq edir. Ondan iki xal geri qalan “Fənərbağça” ikinci, 11 xala malik “Fatih Karagümrük” isə üçüncü pillədə qərarlaşıb.