DÜNYA
Türkiyə Xarici işlər naziri Qazaxıstan prezidenti ilə görüşüb
Nur-Sultan, 24 fevral, AZƏRTAC
Qazaxıstanda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Prezident Kasım-Jomart Tokayevlə videokonfrans formatında görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
M.Çavuşoğlunun Qazaxıstanda COVID-19 testinin pozitiv çıxması səbəbindən videokonfrans vasitəsilə keçirilən görüşdə Qazaxıstan-Türkiyə strateji tərəfdaşlığının inkişaf perspektivləri müzakirə edilib, iqtisadi-ticari, investisiya, mədəni-humanitar əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Kasım-Jomart Tokayev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ən xoş arzularını çatdıraraq, bu il Qazaxıstana səfər etmək dəvətini bir daha təsdiqləyib.
Dövlət başçısı gələn həftə Nur-Sultanda keçiriləcək Qazaxıstan-Türkiyə iqtisadi-ticari əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın XII iclasının qarşılıqlı faydalı tərəfdaşlığın daha da inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan