DÜNYA
Türkiyə ərazisində davam edən əlverişsiz hava şəraiti fəsadlara səbəb olub
İstanbul, 16 fevral, AZƏRTAC
Türkiyə ərazisində davam edən əlverişsiz hava şəraiti ölkə vətəndaşlarının gündəlik həyatlarına mənfi təsir göstərir.
AZƏRTAC xəbər verir ki, artıq bir neçə gündür Türkiyədə aramsız yağan güclü qar səbəbindən yollar buz bağlayıb. Bu da ölkənin müxtəlif vilayətlərində qəzalarla səbəb olub.
Belə bir qəza gecə saatlarında Konya vilayətində baş verib. Yolun sürüşkən olması səbəbindən aşan qoşqulu maşınla bir avtomobil və bir sərnişin avtobusu toqquşub. Hadisə nəticəsində beş nəfər həlak olub, 38 nəfər yaralanıb.
Ölkə ərazisində davam edən yağıntılı hava şəraiti və güclü külək səbəbindən yüzlərlə ağac kökündən çıxıb, çox sayda binanın damı çöküb. Dam örtüklərinin ətrafa saçılması nəticəsində yüzlərlə avtomobilə ciddi zərər dəyib. Ölkənin bir çox təhsil müəssisələrində təlim-tədris prosesinə fasilə verilib.
Türkiyə ərazisində öz təsirini göstərən əlverişsiz hava şəraitinin daha bir neçə gün davam edəcəyi bildirilir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul