CƏMİYYƏT
Türkiyə mediasında “YAŞAT” Fondunun dəstəyi ilə qardaş ölkədə müalicə olunan qazimizə həsr olunan məqalə dərc edilib
İstanbul, 15 fevral, AZƏRTAC
Türkiyə mediasında Azərbaycanın “YAŞAT” Fondunun dəstəyi ilə Vətən müharibəsində yaralanan şəxslərin qardaş ölkədə müalicəsinə dair məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, yazı Türkiyənin Anadolu Agentliyi, TRT Xəbər Agentliyi və digər saytlarda dərc olunub. Məqalədə qırx dörd gün davam edən Azərbaycanın Vətən müharibəsində yaralanan 22 yaşlı qazimiz Valeh İsayev haqqındakı məqalədə onun hazırkı sağlamlıq vəziyyəti barədə məlumat verilir.
Bildirilir ki, könüllü olaraq orduya qatılan və Ermənistanın hücumları nəticəsində hərəkət qabiliyyətini itirən V.İsayevin müalicəsi Türkiyənin “Romatem” Bursa Xəstəxanasında davam etdirilir.
Qeyd edilib ki, Gəncə Dövlət Universitetinin tarix-coğrafiya fakültəsinin tələbəsi olan bu gənc 2020-ci il oktyabrın 20-də erməni snayperi tərəfindən boynundan vurulub. Uzun zaman Vətənində müalicə alan V.İsayev Azərbaycanda yaralı hərbiçilər və şəhid ailələrinə dəstək məqsədilə yaradılan “YAŞAT” Fondu vasitəsilə Türkiyəyə gətirilib. Qazimiz hazırda Bursada fiziki reabilitasiya prosesindən keçir.
Qazimizin son vəziyyəti haqqında məlumat verən “Romatem” Bursa Xəstəxanasının baş həkimi, fiziki tibb və reabilitasiya üzrə mütəxəssis Nurten Küçükçakır Azərbaycan qazisinin məhz onların xəstəxanasında fiziki reabilitasiya prosesindən keçməsindən qürur duyduqlarını bildirib.
Müharibə zamanı baş verən xəsarətlərdən danışan baş həkim deyib: “Qardaş ölkənin övladı bizim de canımız, qardaşımızdır. Canını ortaya qoyan, cəbhədə savaşan Valehi ən qısa zamanda, ən sağlam şəkildə evinə göndərmək ən böyük arzumuzdur. Ölkəmizdə son zamanlar həm robotlaşdırılmış reabilitasiyayönümlü texnoloji sərmayələr, həm də fiziki müalicə və reabilitasiya sahəsindəki inkişaf fərqli coğrafiyalardan xəstələrin tələbini artırıb. Bu, səhiyyə turizmində aktiv hala gəlməmizi təmin etdi. “Romatem” olaraq biz uzun illərdir ki, əsgərlərə və fərqli ölkələrdən olan qazilərə reabilitasiya sahəsi üzrə dəstək göstəririk. İndi isə növbə qardaş ölkədən olan qazimizə gəlib. Bunun üçün əlimizdəki bütün imkanları ən yüksək səviyyədə xəstəmizə tətbiq edərək həyatını sağlam şəkildə davam etdirməsi üçün hərəkət qabiliyyətini maksimum dərəcədə bərpa etməyi hədəfləyirik”.
Mərminin Valehin beyin və onurğa beynini zədələdiyini deyən baş həkim Azərbaycanda başladılan tibbi müdaxilə zamanı qazinin qol və ayaqlarında gücsüzlük, oturma və gəzmə problemlərinin ortaya çıxdığını bildirib. Qeyd edilib ki, lazımi müayinələrdən sonra əldə ediləcək nəticələr əsasında xəstəni ayağaqaldırma prosesinə başlanılacaq.
V.İsayevin qardaşı Şəmsi İsayev müsahibəsində qardaşının müalicəsinin yüksək səviyyədə davam etdirilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyev və “YAŞAT” Fonduna öz təşəkkürünü bildirib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul