DÜNYA
Türkiyədə koronavirusdan daha 95 nəfər həyatını itirib
Ankara, 11 aprel, AZƏRTAC
Bütün dünyanı sürətlə cənginə alan yeni növ koronavirus (COVID-19) Türkiyədə daha 95 nəfərin həyatına son qoyub. Bununla da ölənlərin ümumi sayı 1101 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, epidemiya ilə bağlı vəziyyət barədə son rəqəmləri nazir Fahrettin Koca açıqlayıb. Nazirin sözlərinə görə, aprelin 11-də ölkə üzrə 33 min 170 nəfər test edilib. Onlardan 5 min 138-də infeksiya aşkarlanıb.
Müqayisə üçün deyə bilərik ki, aprelin 9-da yoxlanılan hər 7 nəfərdən biri, aprelin 10-da hər 6.5 nəfərdən biri, bu gün isə 6.4 nəfərdən biri infeksiya daşıyıcısı çıxıb. Yoxlanılanların sayı gündəlik təxminən 3 min nəfər artımla başa çatır. Bu tendensiya virusun yayılma riskini aşağı salmaqdadır.
Beləliklə, indiyədək testdən keçirilənlərin sayı 340 min 380 nəfərə çatıb. Ümumilikdə 52 min 167 nəfər müalicəyə cəlb olunub. Hazırda 1626 nəfər reanimasiyadadır. İndiyə qədər 2967 nəfərin müalicəsi uğurla başa çatıb. Aprelin 11-də 542 nəfər tam sağalaraq xəstəxanalardan buraxılıb. Bu gün sağalanaların sayı dünənkindən 261 nəfər çox olub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara