SİYASƏT
Türkiyəli ekspert: Beynəlxalq Sülh Günündə Azərbaycan hərbçisinin qətlə yetirilməsi Ermənistanın terrorçu mahiyyətinin sübutudur
Ankara, 21 sentyabr, AZƏRTAC
Beynəlxalq Sülh Günündə Ermənistan silahlı qüvvələrinin hərbi təxribat törətməsi sülhsevər dünya ictimaiyyətinə qarşı həqarətdir. Beynəlxalq ictimaiyyət bilməlidir ki, Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz hərbi uçuş aparatı xoş məramla Azərbaycanın hava məkanına daxil olmayıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında sosial elmlər üzrə ekspert, türkiyəli yazıçı və tərcüməçi Mətin Yıldırım ifadə edib.
Azərbaycan Ordusunun hərbi qulluqçusu Elşən Məmmədovun şəhid olmasının Türkiyədə dərin kədərlə qarşılandığını diqqətə çatdıran ekspert deyib: “Prezident İlham Əliyevin Azərbaycanın yerli televiziya kanallarına son müsahibəsində səsləndirdiyi fikirlər təcavüzkar ölkədə siyasi təlatüm yaradıb. Ermənistanın hazırkı rəhbərliyi ictimai rəyi öz xeyrinə dəyişmək üçün cəbhə xəttində vəziyyəti daha da gəriginləşdirməyə çalışır”.
O bildirib ki, bu gün güclü Azərbaycan Ordusu düşmənin bütün təxribatlarına layiqli cavab verməyə qadirdir. Bunu Ermənistan tərəfi unutmamalıdır. Həmçinin Türkiyə də bütün imkanları ilə qardaş Azərbaycanla çiyin-çiyinədir. Azərbaycan müstəqil dövlətdir və kiminlə müttəfiq olduğunu özü müəyyən edir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara