CƏMİYYƏT
Türkiyəli mütəxəssislərlə heyvan sağlamlığı və baytarlıq nəzarəti ilə əlaqədar müzakirələr aparılıb
Bakı, 25 yanvar, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyində Türkiyə Respublikasının “Dollvet” şirkətinin nümayəndələri Bünyamin Aktaş və Azer Alioğlu ilə görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə heyvan xəstəliklərinə qarşı mübarizə üsulları, heyvanların peyvəndlənməsi və baytarlıq preparatları mövzularında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Respublikanın baş dövlət baytarlıq müfəttişi, agentliyin şöbə müdiri Qalib Əbdüləliyev ölkəmizdəki heyvan sağlamlığı və baytarlıq nəzarəti ilə əlaqədar təqdimatla çıxış edib. Tədbirdə ölkə ərazisində baytarlıq nəzarətinin təmin olunması, mövcud qanunvericiliyin tələbləri və həyata keçirilən layihələrlə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Dollvet” şirkəti 2002-ci ildən etibarən heyvan və ətraf mühitin sağlamlığı sahəsində bir çox biotexnoloji məhsullar, o cümlədən epidemik xəstəliklərə qarşı yüksək səviyyəli vaksinlər istehsal edir. Yeni növ koronavirusa (COVID-19) qarşı istehsal edilən “Turkovac” peyvəndi də “Dollvet” şirkəti tərəfindən istehsal olunur.