CƏMİYYƏT
Türkiyəli professor rezidentlər üçün növbəti mühazirəsini deyib
Bakı, 17 aprel, AZƏRTAC
Aprelin 17-də Türkiyənin Qazi Universitetinin tibb fakültəsinin cərrahiyyə kafedrasının professoru Mustafa Kərəm Azərbaycan Tibb Universitetinin (ATU) rezidentləri üçün növbəti dəfə “Kəskin pankreatit - mədəaltı vəzin iltihabı xəstəliyi” mövzusunda məruzə ilə çıxış edib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, universitetin Tədris Cərrahiyyə Klinikasının rezidentlər üzrə məsul şəxsi, I cərrahi xəstəliklər kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Azər Hümmətov M.Kərəmin təşəbbüsü ilə hər həftənin çərşənbə günləri ATU-nun rezidentləri üçün cərrahiyyə ixtisası üzrə elmi-praktik seminar keçirildiyini qeyd edib: “Seminarın mövzusu əvvəlcədən rezidentlər və onların rəhbərləri arasında paylanılır. Sayca üçüncü olan bu seminarın mövzusu “Kəskin pankreatit - mədəaltı vəzin iltihabı xəstəliyi”dir. Bugünkü seminarda kəskin pankreatitin müalicə və müayinəsində müasir yanaşma metodlarından bəhs edilir. Yəni son zamanlar kəskin pankreatitin müalicəsində cərrahi müdaxilə deyil, gözləmə taktikasına, konservativ müalicəyə üstünlük verilir”.
Türkiyəli professor çıxışında əsasən son üsullarla müalicənin daha səmərəli aparılması yollarından danışıb. Məruzəçi bu sahə üzrə inkişaf edən ölkələrdə tətbiq olunan ən yeni üsulların seçildiyini qeyd edib və bu barədə rezidentlərə ətraflı məlumat verib.
Qeyd edək ki, M.Kərəm klinikada 1 il müddətinə transplantologiya şöbəsində təmsil olunacaq. O, əsasən qaraciyər cərrahiyyəsi üzrə klinikada həyata keçirilən əməliyyatlarda iştirak edəcək. Anlaşmaya görə, professor bir il müddətində universitetlə əməkdaşlıq çərçivəsində elmi-tədqiqat işləri aparmaq, ATU-nun rezident və tələbələri üçün mütəmadi olaraq seminarlar təşkil etmək və təlimlər keçirmək niyyətindədir.