REGİONLAR
Türkiyənin Diyanət İşləri Sədri Əli Erbaş: Naxçıvanla tanışlıq məndə böyük məmnunluq hissi doğurdu
Naxçıvan, 18 noyabr, Tural Kəngərli, AZƏRTAC
Bu mənim Naxçıvana ilk səfərimdir. Naxçıvanda Məhəmməd Peyğəmbərin mövlud gününə həsr olunan “Mövlud həftəsi - 2019” tədbirində iştirak etmək, naxçıvanlı qardaşlarımızla birlikdə Peyğəmbərimizin ailə dəyərlərinə verdiyi önəmi müzakirə etmək mənim üçün çox xoş oldu.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Naxçıvan Muxtar Respublikasında səfərdə olan Türkiyə Respublikasının Diyanət İşləri Sədri Əli Erbaş deyib.
“Biz Məhəmməd Peyğəmbərin insanlığa qazandırdığı bütün dəyərləri yenidən xatırlamaq və xatırlatmaq istəyirik, çünki o, “Qurani-Kərim”də hər mövzuda ən yaxşı örnək olaraq xatırladılır”, - deyən Türkiyə Respublikasının Diyanət İşləri Sədri vurğulayıb ki, naxçıvanlıların İslama bağlılığı və Məhəmməd Peyğəmbərə olan sevgiləri onu çox sevindirib.
Əli Erbaş deyib: “Naxçıvan həm coğrafi yerləşməsinə, həm də insanlarının gülərüzlüyü və qonaqpərvərliyi baxımından çox xoşuma gəldi. Naxçıvanla tanışlıq məndə böyük məmnunluq hissi doğurdu”.