SİYASƏT
Türkiyənin “Yeni gün” qəzeti son 15 ildə Azərbaycanın qazandığı nailiyyətlərdən yazır
Ankara, 16 oktyabr, AZƏRTAC
Türkiyənin çoxtirajlı “Yeni gün” qəzetində “Azərbaycan dünəndən bu günə qazandığı uğurlarla yaşayır” sərlövhəli məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalə Prezident İlham Əliyevin dövlət başçısı kimi 15 illik fəaliyyəti və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə hazırlanıb. Qəzet mövzu ilə bağlı Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suverin fikirlərini türkdilli oxuculara çatdırıb.
Akkan Suver qeyd edib ki, ulu öndər Heydər Əliyevin siyasətini davam etdirən Prezident İlham Əliyev Azərbaycanın çoxistiqamətli strateji inkişafına nail olub. Professor Azərbaycanın müstəqilliyinin qorunub möhkəmlənməsində Prezident İlham Əliyevin böyük xidmətlərini oxuculara çatdırıb. Vurğulayıb ki, yürüdülən siyasət böyük nəticələr verib. Azərbaycan qısa zamanda turizm ölkəsinə çevrilib.
Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə 15 ildə Azərbaycanın əldə etdiyi böyük uğurlardan bəhs edən Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri ötən dövrdə ölkənin beynəlxalq aləmdəki mövqelərinin əhəmiyyətli dərəcədə möhkəmləndiyini vurğulayıb. O, Azərbaycanın möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini, nəhəng beynəlxalq iqtisadi layihələr həyata keçirdiyini diqqətə çatdırıb.
Professor fikirlərini belə tamamlayır: “...Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü, İlham Əliyevin prezidentliyinin 15-ci ildönümü, qazanılan nailiyyətlər türk dünyasının qəlbini qürurlandırır. Bütün bunlar mükəmməl bir gələcəyin təminatıdır”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara