İDMAN
Türkiyənin oğlan basketbolçuları festivalın finalında ispaniyalı atletlərlə qarşılaşacaqlar
Bakı, 26 iyul, AZƏRTAC
İyulun 26-da XV Avropa Gənclər Avropa Festivalının basketbol yarışlarında finalçılar müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, festivalın basketbol yarışlarının dördüncü günündə həm qızların, həm də oğlanların yarışlarının hər birində 4 oyun keçirilib. Hər iki kateqoriyada qrup mərhələsini ilk iki pillədə başa vuran komandalar yarımfinal, digər yerlərdə qərarlaşan seçmələr isə 5-8-ci yerlər uğrunda mübarizə aparıblar.
Qızların yarışında yarımfinalda Macarıstan yığması Rusiyanı (67:64), Fransa seçməsi isə Çexiya yığmasını (71:48) məğlub edib. Yarışda 5-8-ci yerlər uğrunda görüşlərdə isə Belçika seçməsi Türkiyə yığmasından (79:48), İtaliya millisi isə Polşadan (58:40) üstün olub.
Oğlanların mübarizəsində isə yarımfinalda Türkiyə milli komandası Serbiya yığmasına 82-70 hesabı ilə qalib gəlib. Finala digər vəsiqəni isə Fransa seçməsini böyük fərqlə (63:34) məğlub edən İspaniya yığması qazanıb. Yarışda 5-8-ci yerlər uğrunda qarşılaşmalarda Yunanıstan seçməsi Azərbaycandan (66:29), Litva isə Xorvatiyadan (103:48) üstün olub.
Beləliklə, iyulun 27-də - festivalın sonuncu günündə qızların yarışında finalda Macarıstan və Fransa, üçüncü yer uğrunda görüşdə isə Rusiya və Çexiya seçmələri qarşılaşacaqlar. Yarışda 5-6-cı yerlər uğrunda oyunda Belçika və İtaliya, 7-8-ci yerlər uğrunda isə Türkiyə və Polşa milliləri güclərini sınayacaqlar.
Oğlanların mübarizəsində isə Türkiyə millisi çempion adı uğrunda İspaniya seçməsi ilə görüşəcək. Bürünc medal uğrunda qarşılaşmada Serbiya və Fransa basketbolçuları görüşəcəklər. Yunanıstan və Litva 5-6-cı, Azərbaycan və Xorvatiya yığmaları isə 7-8-ci yerlər uğrunda qarşılaşacaqlar.
“EYOF Bakı 2019”un basketbol yarışları “Sərhədçi” İdman Olimpiya Mərkəzində və Avropa Azərbaycan Məktəbində keçirilir.