Türkiyəyə gələn Ukrayna vətəndaşlarının çoxu müvəqqəti yaşamaq üçün Antalyanı seçir
AzerTAg.az

İstanbul, 26 mart, AZƏRTAC
Rusiya-Ukrayna böhranı səbəbindən ölkəsini tərk edərək Türkiyəyə gələn Ukrayna vətəndaşlarının böyük əksəriyyəti müvəqqəti yaşamaq üçün Antalyanı seçir.
AZƏRTAC xəbər verir ki, bu hal Antalyada evlərin kirayə və satışının, eləcə də qiymətlərin artmasına səbəb olub. Belə ki, köç dalğası baş vermədən əvvəl aylıq kirayəsi üç min türk lirəsi olan mənzillərin qiyməti hazırda təxminən səkkiz-doqquz min lirəyədək yüksəlib.
Statistik göstəricilərə əsasən, təxminən 29 min Rusiya, doqquz min Ukrayna vətəndaşı rəsmi qeydiyyatla Antalyada yaşayır. Lakin məlum vəziyyət səbəbindən hazırda bu rəqəmlər dəfələrlə artıb.
Türkiyənin Statistika Komitəsinin hesablamalarına görə, fevral ayında Antalyada 4 min 727 mənzil satılıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27,6 faiz çoxdur. Bu evlərdən 1099-nu xarici ölkə vətəndaşları alıb.
Mütəxəssislər hazırda ev alımı baxımından Antalyanın İstanbuldan sonra xaricilər tərəfindən ən çox tələb edilən şəhər olduğunu bildirirlər.
Köç dalğası ilə yanaşı yaz fəslinin gəlməsi səbəbindən Türkiyədə, xüsusilə İstanbul, Antalya kimi turistik baxımdan daha çox tələb olunan şəhərlərdə evlərin satış və kirayə qiymətlərinin daha da artması gözlənilir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Xəbərin mətnində orfoqrafik səhv var