İQTİSADİYYAT


Türkmənbaşı şəhərində Lapis-Lazuli nəqliyyat dəhlizinə dair beynəlxalq konfrans keçiriləcək

Bakı, 6 noyabr, AZƏRTAC

Türkmənbaşı şəhərində Lapis-Lazuli nəqliyyat dəhlizinə dair beynəlxalq konfrans keçiriləcək. AZƏRTAC Türkmənistan Dövlət İnformasiya Agentliyinin (TDH) məlumatına istinadla xəbər verir ki, bu qitələrarası dəhliz Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ərazisindən keçəcək.

Bu barədə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Baş nazirin müavinlərinin iştirakı ilə birbaşa videorabitə xətti ilə keçirdiyi müşavirə zamanı Nazirlər Kabineti sədrinin müavini Məmmədxan Çakıyev məlumat verib.

Xatırladaq ki, Məmmədxan Çakıyev keçən həftə Azərbaycanda olub. Onun Bakıda apardığı danışıqların əsas mövzularından biri nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi idi.

Türkmənistan Prezidenti Mərkəzi və Cənubi Asiya regionlarını, Xəzər dənizi, Qara dəniz və Aralıq dənizi hövzələrini əhatə edən geniş geoiqtisadi məkanda səmərəli qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə şərait yaradacaq Lazurit beynəlxalq nəqliyyat-tranzit dəhlizinin yaradılmasına xüsusi əhəmiyyət verir.

Bununla əlaqədar, dövlət başçısı nəqliyyat sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsi, hərtərəfli işlənməsi və vaxtında həll olunması üçün Türkmənistan-Azərbaycan hökumətlərarası komissiyasının yaradılması üzrə tədbirlər görülməsini Baş nazirin müavininə tapşırıb.

Lapis-Lazuli marşrutuna dair Saziş 2017-ci il noyabrın 15-də Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında Əfqanıstana dair VII regional iqtisadi əməkdaşlıq konfransında (RECCA - Regional Economic Cooperation Conference on Afghanistan) imzalanıb.

Bu sənədin reallaşdırılması regionun iqtisadi inteqrasiya səviyyəsini yüksəltməyə, ticarətin həcmini əhəmiyyətli dərəcədə artırmağa xidmət edir. Lapis-Lazuri beynəlxalq nəqliyyat dəhlizi həmin marşrut üzrə yükdaşımaların həcmini artırmaq üçün yeni imkanlar yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.