İDMAN
Türkmənistanda “Amul-Xəzər 2018” beynəlxalq avtorallisinə start verilib
Aşqabad, 11 sentyabr, АZƏRTAC
Türkmənistanın Lepab vilayətində “Amul-Xəzər 2018” beynəlxalq avtorallisinə start verilib.
AZƏRTAC xəbər verir ki, avtorallinin açılışında çıxış edən Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Qaraqum səhrasında keçiriləcək yarışın marşrutunun uzunluğunun Amuldan Xəzərədək 1571 kilometr olduğunu bildirib.
Avtorallinin Amu-Dəryada keçirilməsi “Qədim İpək Yolu” karvanlarının məkanı olaraq seçilib. İyirmi ölkədən 80 komandanın qatıldığı rallidə yarışlar üç kateqoriya - minik, yük avtomobilləri və kvadrosikllər üzrə təşkil olunacaq.
Sentyabrın 11-dən 15-dək keçiriləcək “Amul- Xəzər 2018” yarışında “Africa Eco Race” avtorallisinin baş direktoru Jan Lui Şleser və başqaları da iştirak edirlər.
“Amul-Xəzər 2018” beynəlxalq avtorallisinin təşkili idmanın bu növünün geniş təbliğinə və Türkmənistanın irimiqyaslı turnirlərin keçirilməsinə qadir ölkə kimi nüfuzunun artmasına töhfə verəcək.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad